Zəka Aqil oğlu Mirzəyev () — Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri. Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının sədri və Beynəlxalq Sosial Təminat Assosiasiyasının Bürosunun üzvü.
Həyatı 1978-ci ildə anadan olmuşdur. Ali təhsilini Bakı Dövlət Universitetində almış, 2000-ci ildə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirmişdir. Təhsilini davam etdirərək 2002-ci ildə magistr dərəcəsini almış, 2007-ci ildə isə aspiranturanı bitirmişdir. İngilis və rus dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əmək fəaliyyəti Özəl sektorda 2000-ci ildə hüquq məsləhətçisi olaraq işə başlamışdır. 2003–2004-cü illərdə hərbi xidmətdə olmuşdur.
Dövlət qulluğundakı fəaliyyətinə 2005-ci ildə Azərbaycanın Maliyyə Nazirliyində baş məsləhətçi kimi başlamışdır. 2009-cu ildən 2016-cı ilə qədər Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin sektor müdiri vəzifəsində, 2016-cı ildən isə həmin şöbənin müdir müavini vəzifəsində çalışmışdır. Maliyyə Nazirliyində çalışdığı müddətdə qanunvericilik və siyasət məsələləri üzrə vəzifələri icra etməklə yanaşı, eyni zamanda beynəlxalq və milli işçi qruplarında Azərbaycanı və ya nazirliyi təmsil etmişdir.
Avropa Şurasının pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə "MONEYVAL" Komitəsində ekspert qrupunun üzvü və Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlar çərçivəsində Azərbaycanı təmsil edən işçi qrupunun üzvü kimi fəaliyyət göstərmiş, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsində maliyyə məsələləri üzrə Azərbaycanı təmsil etmişdir. Zəka Mirzəyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə işçi qrupunun üzvü təyin edilmişdir.
2018-ci ildə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin, 2019-cu ildə isə Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəisi vəzifələrinə təyin edilmişdir. 2020–2025-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır.
Zəka Mirzəyev 16 aprel 2025-ci ildə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilmişdir. O, eyni zamanda, 2025-ci ilin may ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının sədri, iyun ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasının Bürosunun üzvü seçilmişdir.
Elmi fəaliyyəti və ailəsi O, 20-dən çox elmi məqalənin müəllifi və bir dərsliyin həmmüəllifidir.
Ailəlidir, 4 övladı var.
İstinadlar
Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları