İzmir səlib yürüşləri () — 1343–1351-ci illər arasında Papa VI Klement tərəfindən İzmir şəhərini nəzarətdə saxlayan Aydınoğulları bəyliyinə qarşı təşkil edilən iki böyük səlib yürüşüdür.

Bizans imperatoru III Andronikosun ölümündən (1341) sonrakı dövrdə Umur bəyin idarəçiliyi altındakı Aydınoğulları, Türk bəyliklərinin ən güclülərindən birinə çevrilmişdi. Evbeya, Mora, Krit, Rodos və bütün Frakiya sahilləri Umur bəyin hücumlarından çəkinirdi. Umur bəyin Bizansa yardım məqsədilə Rumeliyə keçdiyi vaxtda latınlar Papaya müraciət edərək səlib yürüşünün təşkil olunmasını istədilər. Bu səfərin səbəbi ticarət maraqları ilə bağlı idi. Umur bəy ticarət müqavilələrini pozaraq gömrük vergisini artırmış və taxıl ixracını azaltmışdı. Səfərin digər bir səbəbi isə Bizans imperatriçası Annanın Katolik və Pravoslav kilsələrinin birləşəcəyinə dair vəd verməsi idi.

Papa VI Klementin təşviqi ilə Venesiya, Genuya, Kipr krallığı, Hospitalyerlər (Rodos cəngavərləri) və Naksos hersoqunun qatıldığı səlibçi donanması Aydınoğullarını məğlub etdi və İzmir limanını ələ keçirdi. Umur bəy "Müsəlman İzmiri" kimi tanınan daxili bölgəyə çəkildi. 17 yanvar 1345-ci ildə səlibçi komandanlarından Astili Henri qələbəni qeyd etmək üçün şəhərin içindəki tərk edilmiş bir kilsədə toplantı təşkil etdi. Umur bəy və əsgərləri bundan xəbər tutaraq kilsəyə hücum etdilər; başda Astili Henri olmaqla, yepiskop, Xios dükü Martino Dzakkariya və venesiyalı komandan Pietro Dzeno kimi yüksək rütbəli səlibçilərin də daxil olduğu bir çox şəxs öldürüldü.

Bundan sonra Aydınoğulları öz donanmaları ilə yenidən Egey dənizində fəaliyyətə başladılar. Bunun üzərinə Hospitalyerlər (Rodos cəngavərləri) ticarətin axsamaması üçün İzmir limanını geri verməyə və qalanın sökülməsi şərti ilə Umur bəylə razılaşmağa razı oldular, lakin bu saziş Papa tərəfindən təsdiqlənmədi. Daha sonra səlibçilər şəhərin xristian hissəsini gücləndirmək üçün hücumlar etdilər. 1351-ci ildə səfərlər başa çatdı və Aydınoğulları ilə atəşkəs imzalandı. Xızır bəy 1353-cü ildə venesiyalılar ilə ticarət müqaviləsi bağladı və bununla da səlib yürüşləri qəti olaraq sona çatdı. Şəhərin liman hissəsi 1402-ci ilə qədər latınların əlində qaldı.

Mənbə

İstinadlar

Kateqoriya:Səlib yürüşləri Kateqoriya:Osmanlı imperiyasının müharibələri Kateqoriya:XIV əsrdə Asiya