250px|thumb|right|Fevral patentinin mətni Fevral patenti () — Avstriya imperiyasının 26 fevral 1861-ci ildə qəbul edilmiş və 20 oktyabr 1860-cı ildə qəbul edilmiş Oktyabr diplomunu əvəz edən konstitusiya aktı. Sisleytaniyada Dekabr konstitusiyası (21 dekabr 1867) ilə əvəz edilib.
Tarixi 1860-cı illərin əvvəlləri Avstriya imperiyasında mühüm konstitusiya islahatları dövrü idi. 1840-cı illərin sonu və 1850-ci illərin inqilabları və müharibələri milli narazılıq hissi yaratmışdı. İtaliyadakı fəlakətli müharibə Avstriya bürokratiyasının və ordusunun zəifliklərini açıq şəkildə nümayiş etdirdi. Prussiyanın və Alman İttifaqının artan nüfuzu da narahatlıq doğururdu. İmperator I Frans İosif (1848-1916) başa düşürdü ki, imperiyasını qoruyub saxlamaq üçün islahatlara başlamalıdır.
1860-cı ilin martında imperator yeni üzvlər əlavə etməklə və mühüm maliyyə və qanunvericilik məsələləri, o cümlədən yeni konstitusiyanın formalaşdırılması üzrə məşvərətçi səlahiyyətlər verməklə imperiya şurasını — Reyxstaq "gücləndirməyə" başladı. Parlament iki partiyaya bölündü: alman dilli və alman dilli olmayan tərəflər.
Alman tərəfi daha güclü mərkəzi hökumətin tərəfdarı idi. Qeyri-alman tərəfi (çexlər və macarlar) səlahiyyətlərin müxtəlif silklər (zümrələr) arasında bölünməsini tələb edirdilər.
I Frans İosif yeni konstitusiyada bir kompromis formalaşdırmağa çalışdı. "Oktyabr diplomu" imperiyanın maliyyəsi üzərində geniş səlahiyyətləri olan yüz nəfərlik parlament yaratdı, lakin bu orqanın ordu və ya qanunvericilik üzərində heç bir hakimiyyəti yox idi. Həmçinin, parlamentin bütün imperiyaya aid məsələlər istisna olmaqla, Macarıstan üzərində səlahiyyəti yox idi. Macarıstanın daxili işlərinə Macarıstan Seymi (Diyeta) nəzarət edirdi.
Yeni parlament heç bir tərəfi razı salmadı. Dövlət maliyyəsi çökməyə davam edirdi. Almanlar yerli məclislərə (diyetalara) verilən səlahiyyətlərdən narazı qalmışdı. Qeyri-almanlar isə imperatorun əlində qalan böyük hakimiyyətdən məyus olmuşdular.
Daxili problemlərlə yanaşı, Avstriya imperiyası xarici təzyiqlərə, xüsusən də Alman İttifaqı tərəfindən təhlükəyə məruz qalırdı. Əsrlər boyu Habsburqlar alman dövlətlərinə nəzarət etmişdilər. Hətta 1815-ci ildə Alman İttifaqı qurulanda belə, Avstriya öz nüfuzunu qoruyub saxlamışdı. Lakin Şərqi Avropada Prussiyanın yüksəlişi ilə bu nüfuz təhlükə altına düşdü.
İmperator parlamentin genişləndirilməsini və mərkəzləşdirilməsini daxili güc qazanmaq yolu kimi görürdü ki, bu da xarici gücə çevrilə bilsin. 1860-cı ilin sonlarında Anton Ritter fon Şmerlinq Dövlət Katibi olduqda, o, "Oktyabr diplomu"na yenidən baxmaq vəzifəsini öhdəsinə götürdü.
Qəbul olunması 26 fevral 1861-ci ildə Avstriya imperatoru I Frans İosif tərəfindən imzalanmış Fevral patenti "1861-ci ilin İmperiya Konstitusiyası" kimi qəbul edildi. Bu sənəd dövlətin "Dəyişməz Əsas Qanunu" olan əvvəlki Oktyabr diplomunun yenidən işlənmiş forması kimi elan olundu.
Fevral Patenti Avstriya İmperiyasında yenə də Reyxsrat adlanan iki palatalı imperiya parlamentini təsis etdi. Bu sistem aşağıdakı iki palatadan ibarət idi: Yuxarı Palata (Əyanlar Palatası) və üzvləri imperator tərəfindən ömürlük təyin edilirdi. Buraya vəliəhd şahzadə, tanınmış yepiskoplar, əsilzadə ailələrin başçıları və görkəmli vətəndaşlar daxil idi. Aşağı Palata (Nümayəndələr Palatası) dolaylı yolla seçilən 343 üzvdən ibarət idi. Bu nümayəndələr yerli məclislər (diyetalar) tərəfindən göndərilirdi. 120 nümayəndə Macarıstandan, 20 nümayəndə Venesiyadan, 203 nümayəndə isə digər qeyri-macar mülklərindən (əyalətlərindən) gəlirdi.
İmperator Yuxarı Palataya öz tərəfdarlarından daha çox üzv təyin etməklə Aşağı Palatanın fəaliyyətini və qərarlarını nəzarətdə saxlamaq imkanına malik idi. Yeni Parlamentin vəzifələri "böyük" və "kiçik" olmaqla iki hissəyə ayrılmışdı. "Böyük" bölmə: Macarıstan da daxil olmaqla, bütün imperiyaya təsir edən məsələləri əhatə edirdi. "Kiçik" bölmə: əyalətlərə (mülklərə) aid daxili məsələlər üçün nəzərdə tutulmuşdu. Əslində bu bölmə qeyri-macar torpaqlarında yerli məclislərin (diyetaların) funksiyasını əvəz edirdi. Macarıstan Seymi isə lazım gəldikdə "kiçik" parlamentlə paralel şəkildə fəaliyyət göstərə bilərdi.
Fevral patentinə əsasən, parlament əvvəlkindən daha çox qərar qəbul etmək səlahiyyətinə malik olsa da, hələ də tamamilə imperatordan asılı idi. Digər tərəfdən, imperator parlamentin razılığı olmadan siyasi və hərbi qərarlar verə bilərdi. Həmçinin, parlament sessiyada olmadığı zaman "fövqəladə hal" bəhanəsi ilə istədiyi qərarı təkbaşına qəbul etmək hüququna malik idi. Fevral patenti qadınların siyasi iştirakını açıq şəkildə qadağan edirdi. Kişilər üçün isə əmlak və gəlir səviyyəsinə əsaslanan senzli seçki hüququ təsis edilmişdi.
Patent ordunun və xarici siyasətin idarə olunmasını imperatorun birbaşa nəzarətində saxlayırdı. İmperator yalnız ona qarşı məsuliyyət daşıyan nazirləri özü seçirdi. Nazirlərin əksəriyyəti iki palatalı qanunverici orqandan çıxan siyasətçilər deyil, dövlət məmurları idi. Bu sistem tarixçilər tərəfindən "bürokratik konstitusionizm" kimi xarakterizə edilmişdir.
Fevral patentinin dayandırılması İmperiyanın macar əhalisi yeni sistemlə əməkdaşlıq etməkdən imtina etdi. Onlar faktiki olaraq Macarıstanın suverenliyini hələ də məhdudlaşdırmaq istəyən Oktyabr diplomunun gətirdiyi daha liberal dəyişikliklərdən geri çəkildilər. Aşağı palatada Macarıstan torpaqlarından yalnız alman və ya rumın nümayəndələr iştirak edirdi. Bu müqavimət İmperiya Parlamentinin əsas məqsədini — imperiyanın müxtəlif hissələrini mərkəzi bir qurumda təmsilçilik vasitəsilə birləşdirmək niyyətini ciddi şəkildə sarsıtdı.
1865-ci ilin sentyabrında imperator I Frans İosif Fevral patentinin fəaliyyətini dayandırdı. Avstriya almanları buna etiraz etsələr də, çexlər, slavyanlar və polyaklar bu qərardan məmnun qaldılar və öz muxtariyyət proqramlarını irəli sürməyə başladılar.
17 fevral 1867-ci ildə Macarıstan krallığının Konstitusiyası faktiki olaraq bərpa edildi və hadisələr sürətlə 1867-ci il Kompromisinə (Avstriya-Macarıstan sazişinə) doğru irəlilədi. Reyxsrat öz təşəbbüsü ilə Fevral patentinə düzəlişlər edən bəzi qanunlar əlavə etdi və qərara aldı ki, bu qanunlar, Kompromis və Sisleytaniyanın (imperiyanın Avstriya hissəsi) yenidən işlənmiş Konstitusiyası eyni vaxtda, vahid bir paket kimi qüvvəyə minməlidir.
İstinadlar
Ədəbiyyat Okey, Robin, The Habsburg Monarchy c.1765-1918: From Enlightenment to Eclipse. (Palgrave Macmillan: NY) 2001. Ingrao, Charles W., The Habsburg Monarchy 1618—1815, 2nd Edition. (Cambridge University Press: NY) 2000. «Austria and the Problem of Reform in the German Confederation, 1851—1863», Enno E. Kraehe, The American Historical Review, Vol. 56, No. 2. (Jan., 1951).
Kateqoriya:Avstriya imperiyası Kateqoriya:Tarixi konstitusiyalar