Vaxtanq Teymurazoviç Kipiani (, ; ) — əslən gürcü olan Ukrayna jurnalisti, publisisti, yazıçısı və tarixçisi. O, "İstoriçna Pravda" internet nəşrinin və eyniadlı televiziya jurnalının baş redaktoru, Lvovdakı Ukrayna Katolik Universitetinin jurnalistika üzrə magistratura proqramının və "Kiyev-Mohilya Akademiyası" Milli Universitetinin PR kafedrasının müəllimi, həmçinin Mətbuat Muzey-Arxivinin təsisçisidir. 2005-ci ildə Ukraynanın Əməkdar Jurnalisti fəxri adına layiq görülmüşdür.

Həyatı

Atası Teymuraz Kipiani milliyyətcə gürcüdür və energetika sahəsində çalışmışdır. Erməni və erzya köklərinə sahib olan anası Tamara Novorossiysk şəhərindəndir və dərzi kimi fəaliyyət göstərmişdir. Oğullarının doğumundan bir müddət sonra valideynləri boşanmış, anası Vaxtanqla birlikdə Novorossiyskə qayıtmışdır. O, 1978–1980-ci illərdə burada təhsil almış, daha sonra anasının ikinci nikahı ilə əlaqədar 1980-ci ilin dekabrında ailəlikcə Kiyevə köçmüşdür.

Kiyevdə təhsilini əvvəlcə 119 nömrəli, daha sonra 120 nömrəli orta məktəbdə davam etdirmiş və burada ukrain dilini öyrənmişdir. 1989-cu ildə məktəbi bitirdikdən sonra Nikolayev Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1994-cü ildə "tarix və hüquqşünaslıq müəllimi" ixtisası üzrə ali təhsilini başa vurmuşdur. 1993–1995-ci illərdə Nikolayevdəki 5 nömrəli Ukrayna Pedaqoji Gimnaziyasında müəllim kimi çalışmışdır. Tələbəlik illərində (1989–1995-ci illər) Nikolayevin "Diti Pribujya" komandasının tərkibində Şən və Hazırcavablar Klubunun (KVN) oyunlarında iştirak etmişdir.

1997-ci ildə Vaxtanq Kipiani Tatyana Kipiani ilə ailə həyatı qurmuşdur. Cütlüyün üç övladı — qızı Tamara (1998-ci il təvəllüdlü), oğulları İlarion (2001-ci il təvəllüdlü) və David (2006-cı il təvəllüdlü) böyüməkdədir.

Peşəkar fəaliyyəti Vaxtanq Kipiani peşəkar fəaliyyətinə hələ tələbə ikən Nikolayev şəhərində başlamışdır. Onun ilk mətbu yazısı 1990-cı ildə "Xalq hərəkatı"nın gizli nəşri olan "Çornomoriya" qəzetində işıq üzü görmüşdür. 1992-ci ildə o, Ukrayna Respublika Partiyasının Nikolayev vilayət təşkilatının "Na storoji" qəzetinin baş redaktoru vəzifəsinə təyin olunmuşdur. Daha sonra fəaliyyət istiqamətini dəyişərək təxminən bir il ərzində, 1994-cü ilin iyunundan 1995-ci ilin martınadək "Nikolayev" telekanalında redaktor, aparıcı və proqram müəllifi kimi çalışmışdır. Bundan sonra yenidən çap mediasına qayıdan Kipiani 1996-cı ilin may ayınadək "Novaya nikolayevskaya qazeta"nın müxbiri, həmçinin "UNİAN-politika" və "UNİAN-suspilstvo" redaksiyalarının ştatdankənar icmalçısı olmuşdur. Daha sonra Ukrayna Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə çağırılmış, xidmətini Ukrayna Müdafiə Nazirliyinin Mərkəzi teleradiostudiyasında keçərək kiçik serjant rütbəsi almışdır. 1997-ci ilin mayında xidmətini başa vurduqdan sonra fəaliyyətini Kiyevdə davam etdirmişdir.

Vaxtanq Kipianinin sonrakı peşəkar yolu müxtəlif media qurumları ilə bağlı olmuşdur:

"Ukraina moloda" qəzeti (iyun 1997 – iyul 1998): Siyasət şöbəsinin müxbiri, parlament müxbiri; "Novıy" telekanalı (iyul 1998 – mart 1999): Buraxılış redaktoru; * "Telefabrika" yaradıcılıq birliyi (mart 1999 – noyabr 1999): İnformasiya-analitik qrupun baş redaktoru, gündəlik "Sual günü" teleproqramının redaktoru; * "Kievskie vedomosti" qəzeti (dekabr 1999 – noyabr 2001): Siyasət şöbəsinin icmalçısı; * "1+1" telekanalı (noyabr 2001 – sentyabr 2004): "TSN" proqramının buraxılış redaktoru; * "1+1" telekanalı (yay 2002 – sentyabr 2005): "İkili sübut" proqramının baş redaktoru və aparıcısı; * "K1" telekanalı (oktyabr 2005 – may 2006): "Bir həftə" proqramının buraxılış redaktoru; * "Fokus" jurnalı (iyun 2006 – iyul 2007): Baş redaktor; * "İnter" telekanalı (iyul 2007 – may 2008): "Böyük ukraynalılar" layihəsinin şef-redaktoru, Stepan Bandera haqqında filmin aparıcısı; * "TVi" telekanalı (fevral 2009 – noyabr 2009): Baş redaktorun müavini; * "Qlavred" jurnalı, "Demokratik təşəbbüslər" fondu (fevral 2009 – dekabr 2009): "Birinci yüzlük" layihəsinin rəhbəri; * "Birinci Milli" telekanal (dekabr 2009 – yanvar 2010): Seçkiqabağı debatlar olan "Ukrayna ruletkası" prezident-şousunun aparıcısı; * "TVi" telekanalı (may 2012 – dekabr 2012): "Vaxtanq Kipiani ilə yekunlar" proqramının aparıcısı; * "Vladometr" internet layihəsi (sentyabr 2010 – dekabr 2012): Baş redaktor; * "İstoriçna Pravda" internet nəşri (sentyabr 2010 – hazırda): Baş redaktor; * "Vaxtanq Kipiani ilə tarixi həqiqət" proqramının aparıcısı: "ZİK" telekanalı (mart 2013 – 14 iyun 2019), 8 sentyabr 2019-cu ildən etibarən isə "Espreso" telekanalında.

Pedaqoji fəaliyyəti 2010-cu ildən etibarən Ukrayna Katolik Universitetinin jurnalistika üzrə magistratura proqramının müəllimidir. Onun elmi maraq dairəsinə seçkiqabağı təşviqat, gizli nəşrlərin (samizdat) tarixi, dissident hərəkatı və siyasi ekstremizm, həmçinin yeni media sahələri daxildir.

Hərbi xidməti Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günündən etibarən könüllü olaraq Ərazi Müdafiə Qüvvələrinin bölmələrindən birinə qoşulmuşdur. 2024-cü ilin yayında Ukrayna Milli Qvardiyasının 13-cü "Xartiya" əməliyyat təyinatlı briqadasına keçmişdir.

İctimai və siyasi fəaliyyəti Vaxtanq Kipiani tələbəlik illərindən başlayaraq fəal ictimai fəaliyyətlə məşğul olmuşdur:

1990-cı ilin oktyabrı: Kiyevdə Müstəqillik meydanında (Maydan) tələbə aclıq aksiyasının iştirakçısı olmuşdur; 1991-ci ilin martı – 1994-cü il: Ukrayna Tələbə Birliyinin Nikolayev filialının təsisçisi və ilk sədri vəzifəsini icra etmişdir; 1993-cü il: Nikolayevdə "Arkas oxumaları" adlı Birinci Ümumukrayna tələbə elmi konfransının təşkilatçısı olmuşdur.

O, həmçinin müxtəlif siyasi partiya və birliklərin üzvü olmuşdur:

1990–1992-ci illər: Ukrayna Xalq Hərəkatı; 1990–1996-cı illər: Ukrayna Respublika Partiyası; 2005–2007-ci illər: "Pora" partiyası.

1996-cı ilin aprelində Ukrayna Ali Radasına keçirilən seçkilərdə (Nikolayev vilayəti, 287 nömrəli Mərkəzi seçki dairəsi) iştirak etmiş, səslərin 15,9%-ni toplayaraq üçüncü yeri tutmuşdur. 2006-cı ildə "Pora-PRP" seçki blokunun siyahısı üzrə parlament seçkilərinə qatılsa da, blok lazımi səs faizini toplamadığı üçün deputat seçilə bilməmişdir. 2014-cü ildə Kiyev Şəhər Şurasına keçirilən seçkilərdə "Nove jittya" partiyasının siyahısında beşinci sırada yer almış, lakin partiya cəmi üç mandat qazandığı üçün şuraya daxil ola bilməmişdir.

Vaxtanq Kipiani gizli nəşrlərin (samizdat), qəzetlərin və seçkiqabağı materialların kolleksiyasını toplamağa xüsusi maraq göstərir. Jurnalist bu kolleksiyanı toplamağa 1984-cü ildə Sovet İttifaqının dövri nəşrləri ilə başlamış, zamanla bura SSRİ ərazisində yaşayan digər xalqların mətbuatını və mühacirət nəşrlərini də əlavə etmişdir. Kolleksiya 32 mindən çox müxtəlif adda nəşri əhatə edir və ümumilikdə 150 mindən çox nüsxədən ibarətdir. Bunların da bir çoxu nadir və unikal nümunələrdir. O, bu materiallarla ictimaiyyəti tanış etmək üçün mütəmadi olaraq tematik sərgilər təşkil edir. 2015-ci ildə bu zəngin kolleksiya əsasında Kiyevdə Mətbuat Muzey-Arxivi yaradılmışdır.

Vasili Stus işi

2019-cu ildə Vaxtanq Kipianinin "Vasil Stus işi" kitabı nəşr olunmuşdur. Kitab ukraynalı şair, tərcüməçi, ədəbiyyatşünas, jurnalist və Ukrayna dissident hərəkatının fəal üzvü olan Vasili Stusun cinayət təqibi ətrafında inkişaf edir. Kitabda Ukraynanın ən görkəmli rusiyapərəst siyasətçilərindən biri olan Viktor Medvedçukdan bəhs olunur. 1980-ci ildə Stus əleyhinə iş üzrə son məhkəmə iclasları zamanı Medvedçuk Stusun vəkili kimi çıxış etmişdir, lakin o, Stusu müdafiə etmək üçün heç bir iş görmədi və hətta iddia edilən günahını etiraf etmişdir. Medvedçuk həmçinin, digər ukraynalı dissidentlərə qarşı işlərdə vəkil kimi də çıxış etmiş və Stus işindəki qədər az iş görmüşdür. Medvedçuk Vaxtanq Kipianiyə qarşı iddia qaldırmış və Kiyevin Darnitski Rayon Məhkəməsi kitabın nəşrini qadağan etmişdir. Bu, Streyzand effekti yaratmış və kitaba böyük tələbat formalaşmışdır. Kitab 100 mindən çox nüsxəyə çatmışdır və bu, ukrain dilinsə yazılmış qeyri-bədii kitablar üçün rekord rəqəm idi. Daha sonra 19 oktyabr 2020-ci ildə Kiyev Apelyasiya Məhkəməsi Kiyevin Darnitski Rayon Məhkəməsinin kitabın yayılmasını qadağan etmək qərarını ləğv etmişdir.

2021-ci ilin oktyabr ayında "Vasili Stus işi" Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş və 34.797 ukraynalı tərəfindən 267.815 səs toplayan "Müstəqilliyimizin 30 ikonik kitabı" adlı ümumukrayna məlumatlandırma və maarifləndirmə aksiyasında birinci yeri qazanmışdır.

24 mart 2022-ci ildə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi "Vasili Stus işi"nin Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Ukraynanın Rusiya tərəfindən işğal edilmiş üç şəhərində yerləşən kitabxanalardan çıxarıldığını bildirmişdir.Ukraine Claims Russian Military Police Are Destroying Their History Books , Newsweek, 24 March 2022

Qalmaqal 26 fevral 2025-ci ildə Vaxtanq Kipiani "Facebook"da Lvova səfər etmiş Polşa Prezidentliyinə namizəd Slavomir Mentsenə qarşı ölüm təhdidi olan bir paylaşım yayımlanmışdır. Yazıda Kipiani Mentzenin 1934-cü ildə Ukrayna milliyyətçiləri tərəfindən qətlə yetirilən polyak siyasətçisi Bronislav Peratskinin taleyini bölüşə biləcəyini irəli sürmüşdür.

Mükafatları və fəxri adları Vaxtanq Kipianinin fəaliyyəti müxtəlif mükafat və fəxri adlarla qiymətləndirilmişdir:

Ukraynanın Əməkdar Jurnalisti (avqust 2005-ci il); Ukrayna Xalq Hərəkatının II dərəcəli "Ukrayna xalqı qarşısında xidmətlərinə görə" ali mükafatı (sentyabr 2005-ci il); Stepan Bandera adına fəxri nişan (İvano-Frankivsk Vilayət Şurası, yanvar 2010-cu il); "Şərəf nişanı" döş nişanı.

Müsabiqə mükafatları və təltifləri SSRİ-də Ukrayna insan haqları hərəkatı haqqında mətbuatda ən yaxşı məqalə müsabiqəsinin laureatı (Oleksa TIxı adına Xeyriyyə Fondu, may 2001-ci il); Vyaçeslav Çornovil adına publisistik məqalələr müsabiqəsinin laureatı (Nikolayev, dekabr 2002-ci il); "Media haqqında Media-2004" İkinci Ümumukrayna Jurnalistika Müsabiqəsinin laureatı (Media İslahatları Mərkəzi, Britaniya hökumətinin dəstəyi ilə, mart 2005-ci il); Jurnalistikada tərəqqiyə görə Krivenko adına mükafat ("Postup" kapitulu, Lvov, may 2007-ci il); Ukraynanın yeganə tarixi televiziya jurnalı olan "İstoriçna pravda" layihəsindəki fəaliyyətinə görə "İstənilən formatlı proqramın aparıcısı — region" nominasiyasında "Teletriumf" milli televiziya mükafatı (fevral 2014-cü il); Georgi Qonqadze adına mükafat (may 2019-cu il) — "PEN Ukraine", "Kiyev-Mohilya Biznes Məktəbi" Məzunlar Assosiasiyası və "Ukrainskaya pravda" nəşrinin tərəfdaşlığı ilə.

İstinadlar

Xarici keçidlər

Офіційний сайт Вахтанга Кіпіані Вахтанг Кіпіані у соціальній мережі Facebook Блог Вахтанга Кіпіані у соціальній мережі Твіттер Блог Вахтанга Кіпіані на сайті ТСН Архів блогу Вахтанга Кіпіані у LiveJournal У Сватовому відбулась зустріч з автором книги «Справа Василя Стуса» // 01.02.2021 Вахтанг Кіпіані на передачі Рандеву з Яніною Соколовою. 13.02.2021

Kateqoriya:Ukrayna jurnalistləri