Qaradərililərin gecə döyüşü () — Pol Biyo tərəfindən yaradılmış monoxrom rəsm əsəri. Əsər, ilk dəfə 1 oktyabr 1882-ci ildə "Arts incohérents" sərgisi çərçivəsində ictimaiyyətə təqdim olunmuşdur.
Bəzi tənqidçilərin fikrincə, bu əsər incəsənət tarixində ilk monoxrom sənət nümunəsi hesab olunur.
Tarixi
1 oktyabr 1882-ci ildə naşir Jül Levi tərəfindən Paris şəhərinin Antuan Dübua küçəsi 4 ünvanında yerləşən evində Uyğunsuz incəsənət hərəkatının ilk rəsmi sərgisini təşkil edilmişdir.
Bu münasibətlə kataloq funksiyasını yerinə yetirən xüsusi əlavə "Le Chat noir" qəzetində nəşr olunmuş və orada 159 eksponat qeyd edilmişdir. Cəmi dörd saat davam edən sərgi böyük tənqidi uğur qazanmış və sonrakı dövrdə incəsənət tarixində mühüm yer tutmuşdur.
Sərgidə 15 nömrə altında vodevil müəllifi Pol Biyo tərəfindən hazırlanmış tamamilə qara rəngli monoxrom tablo nümayiş etdirilmişdir. Bu əsər böyük ehtimalla rəsmi ictimai tədbirdə nümayiş etdirilən ilk monoxrom əsər hesab olunur. Sərginin başa çatmasından sonra əsərin itib getdiyi ehtimal edilir.
2017–2018-ci illərdə qalereyaçı və ekspert Yohann Naldi şəxsi kolleksiyada "Arts incohérents" sərgisində nümayiş etdirilmiş on yeddi naməlum əsəri aşkar etmiş və identifikasiya etmişdir; onların arasında "Combat de nègres pendant la nuit" əsəri də olmuşdur.
Bu əsərlər 7 may 2021-ci ildəFransa Mədəniyyət Nazirliyi tərəfindən “Milli sərvət” statusu ilə təsnif edilmişdir.
Təsviri
"Qaradərililərin gecə döyüşü" cəmi bir neçə saat ərzində, iki min ziyarətçinin qəbul edildiyi on kvadratmetrlik kiçik bir məkanda nümayiş etdirilmişdir. Əsər müxtəlif mənbələrdə gah qara tablo, gah qara vərəq, qara parça və ya sadəcə “qara ləkə” kimi təsvir olunmuşdur; bu ümumi ifadə isə müxtəlif material və formaları nəzərdə tuta bilərdi. Bu qədər fərqli təsvirlərin yaranması, ehtimal ki, əsərin yalnız qısa müddət ərzində və texniki xüsusiyyətlərinin dəqiq təhlilinə imkan verməyən şəraitdə nümayiş etdirilməsi, həmçinin şifahi ötürülmə zamanı məlumatların təhrif olunması ilə bağlıdır.
Əsərin yenidən aşkar edilməsi onun texniki xüsusiyyətlərini daha dəqiq müəyyənləşdirməyə imkan vermişdir. Belə ki, söhbət qara boya ilə örtülmüş, çərçivəyə dartılmış kətan üzərində yaradılmış rəsm əsərindən gedir; əsərin orijinal çərçivə elementi ilə birlikdə ölçüləri 43,5 × 49 sm təşkil edir.
Əsərin özü və arxa tərəfində yerləşən sərgi etiketləri elmi analizlərdən keçirilmiş, nəticədə kimyəvi və ya konstruktiv baxımdan şübhə doğuran heç bir element aşkar edilməmişdir.
Əsər ətrafında elmi debatlar
"Qaradərililərin gecə döyüşü" əsərinin yenidən aşkar edilməsi bir sıra incəsənət tarixçiləri arasında müzakirələrə səbəb olmuşdur. 15 aprel 2022-ci ildə "Libération" qəzeti bu şübhə və mübahisələri əks etdirən araşdırma dərc etmişdir, lakin məsələ ilə bağlı yekun nəticəyə gəlinməmişdir.
Həmin məqalədən sonra Yohann Naldi cavab vermək hüququ əldə etmiş və bildirmişdir ki, "Arts incohérents" sərgisinin naməlum əsərlərinin,o cümlədən "Qaradərililərin gecə döyüşü" əsərinin Fransa Mədəniyyət Nazirliyi tərəfindən “Milli sərvət” statusu ilə təsnif edilməsi “olduqca uzun yoxlama prosesindən” sonra baş vermişdir. Bu prosesdə Orse muzeyinin on beşə yaxın kuratoru, Milli sərvətlər üzrə məsləhət komissiyasının bütün üzvləri, Orse muzeyi tərəfindən təyin olunmuş iki kurator və Fransa muzeylərinin Tədqiqat və Bərpa Mərkəzinin (, C2RMF) mühəndisi iştirak etmişdir.
Əsərin yenidən aşkar olunması həmçinin "Ha Ha Ha" sərgisinin kataloqunda da qeyd edilmişdir. ING İncəsənət Mərkəzi və Pompidu mərkəzinin əməkdaşlığı ilə təşkil edilmiş bu sərginin kataloqunda bildirilirdi ki, 2018-ci ildə "Arts incohérents" sərgisinin on yeddi əsəri yenidən aşkarlanana qədər, hərəkat dövrünə aid kataloqlar uzun müddət həmin sərgilərin məzmununu öyrənmək üçün yeganə mənbə olmuşdur. Bunların arasında Pol Biyonun qara monoxrom əsəri də vardı; qeyd olunurdu ki, bu əsər bəlkə də Kazimir Maleviçin "Qara kvadrat" əsərinə ilham vermişdir.
Kataloqda həmçinin Alfons Allenin yaşıl dalğavari fayton pərdəsindən və taxta silindrdən ibarət olan, "Hələ qüvvətli yaşlarında olan aradüzəldənlər və ot üzərində uzanmış fahişələrin absent içmələri”" adlı əsəri də xatırladılır və onun Marsel Düşanın tapılan obyekt praktikasını xatırlatdığı vurğulanırdı.
2021-ci ilin dekabrında isə "Bulletin de la Société d'Histoire et d'Archéologie des IXe et XVIIIe arrondissements de Paris" nəşrində Yohann Naldinin kəşfi haqqında məlumat vermişdir.
2022-ci ilin oktyabrında "Critique" jurnalında dərc olunmuş məqaləsində professor Daniel Grojnovski qeyd etmişdir ki, Yohann Naldi apardığı tədqiqatlarla esseist Mişel Onfre üçün yüksək keyfiyyətli sənəd materialı təqdim etmişdir.
Johann Naldinin “tarixi kəşfini” alqışlayan Mişel Onfre bunu XX əsr bədii avanqardının əsas simalarının “devrilməsi” layihəsini əsaslandırmaq vasitəsi kimi qiymətləndirirdi. O, "Libération" qəzetində araşdırmanın dərcindən bir həftə sonra, kifayət qədər sübutlar toplusunun olmamasına baxmayaraq, məsələyə şübhə ilə yanaşan tədqiqatçıları “inkarçılar” adlandırmışdır.
2023-cü ilin noyabrında tarixçi və rəssam Arno Labell-Roju əvvəlcə "Switch on Paper" jurnalında dərc olunmuş və monoxrom rəngkarlıq üzrə mütəxəssis professor Denis Riut ilə aparılmış müsahibədən geniş parçanı yenidən nəşr etmişdir.
Riut həmin müsahibədə belə deyirdi:
2023-cü ildə Kazimir Maleviç yaradıcılığı və rus avanqardı üzrə tanınmış mütəxəssis olan Andry Nakov, Yohann Naldi tərəfindən nümayiş etdirilən "Arts incohérents" əsərlərinin “tamamilə autentik və maraqlı” olduğunu bildirmişdir. Professor Daniel Grojnovski isə 2023-cü ildə nəşr olunmuş "La tradition fumiste, De la marge au centre" adlı əsərində Pol Biyonun monoxrom işini yenidən dərc etmiş və sonradan aşkar edilərək “Milli sərvət” statusu verilmiş əsərlərin plastik keyfiyyətlərini xüsusi vurğulamışdır. O, həmin əsərlərin “fərqli şəkildə qiymətləndirilməyə layiq” olduğunu qeyd etmişdir.
2025 və 2026-cı illərdə bir sıra akademik və institusional nəşrlərdə yenidən aşkar edilmiş Pol Biyo monoxromu haqqında məlumat verilmiş və ona dair şərhlər təqdim olunmuşdur.
"Le Monochrome et la question de l'Art" adlı əsərdə professor Daniel Grojnovski belə yazırdı:
Pompidu mərkəzinin elmi jurnalında professor Denis Riut belə qeyd etmişdir: “Biyonun əsəri yenidən aşkar edildikdən sonra artıq bir qədər gözlənilən və yüngül zarafat xarakterini itirərək daha mürəkkəb məna qazanır. O, bizi öz qəti inanclarımızdan imtina etməyə çağırır.”
Monmartr avanqardlarının tarixinə həsr olunmuş və ingilis dilində nəşr edilmiş geniş həcmli araşdırmada professor Fillip-Dennis Keyt də Pol Biyonun monoxrom əsərini yenidən reproduksiya etmiş və onu şərh etmişdir.
Maleviçin sələfi
Öz əsərində Yohann Naldi rus suprematist rəssamı Kazimir Maleviçin "Qaradərililərin gecə döyüşü" əsərini tanımış ola biləcəyi ehtimalını araşdırır; bu baxımdan Pol Biyonun monoxrom işi "Qara kvadrat" əsərinin mümkün qaynaqlarından biri kimi qiymətləndirilir.
Son dövrlərdə Kurto İncəsənət İnstitutunun məzunu və Viktoriya və Albert muzeyinin keçmiş kuratoru olan tarixçi Endryu Spira da bu ehtimalı dəstəkləmiş və esselərindən birində Pol Biyonun əsərini yenidən dərc etmişdir.
Sərgilənməsi
Pol Biyonun monoxrom əsəri 19 aprel 2022-ci ildə Olimpiya səhnəsində nümayiş etdirilmişdir; bu təqdimat həmin məkanda 1893-cü ildə keçirilmiş son "Arts incohérents" sərgisinin tarixi xatirəsinə həsr olunmuşdu.
Daha sonra əsər 2024-cü ilin fevral ayında İtaliyanın Roviqo şəhərində yerləşən Roverella sarayında təşkil olunmuş “Henri de Toulouse-Lautrec, Paris 1881–1901” sərgisində dünya üzrə ilk ictimai ön nümayiş çərçivəsində təqdim edilmişdir.
İstinadlar
Kateqoriya:Fransız rəsm əsərləri Kateqoriya:1882-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Qaradərili insanların rəsmləri Kateqoriya:Fransanın Milli sərvəti elan edilmiş rəsm əsərləri Kateqoriya:Yenidən kəşf edilmiş əsərlər Kateqoriya:Monoxrom rəsm əsərləri Kateqoriya:Gecə vaxtını təsvir edən rəsm əsərləri