Əhməd Zirəkzadə (; ) — İran siyasətçisi. O, Məhəmməd Müsəddiq hökumətinin onurğa sütunu hesab edilən İran Milli Cəbhəsinin qurucularından biri olmuşdur. O, "Ayaks" əməliyyatı zamanı ölkəni müdafiə etmişdir.

Erkən həyatı Əhməd Zirəkzadə 1907-ci ildə Tehranda, əslən Yəzd şəhərindən olan valideynlərin övladı olaraq dindar bir ailədə anadan olmuşdur. Onun atası Mirzə Zirək çox səyahət edən bir islam ruhanisi olmuşdur. Səfərlərinin birində o, bəxtiyari xanlarından biri olan Sepahxan ilə tanış olmuş və Mirzə Zirək onunla birlikdə Tehrana getmişdir. Əhməd də məhz burada anadan olmuşdur. Daha sonra ailəsi o dövrdə Dehe Kürd adlanan bəxtiyari şəhərinə, indiki Şəhrikürdə köçmüşdür. İran Konstitusiya İnqilabından sonra bəzi bəxtiyari xanları övladlarının Qərb universitetlərində təhsil almaları və Qərb mədəniyyəti ilə tanış olmaları (həmin dövrdə bu, böyük bir imtiyaz sayılırdı) üçün onları Fransaya göndərmək qərarına gəlmişdilər. Onlar Mirzə Zirəki ağsaqqal kimi uşaqlarla birlikdə göndərmək üçün seçmiş, Mirzə Zirək isə böyük oğlu Qulamhüseyni də özü ilə aparmışdır. Qulamhüseyn Avropadan İrana qayıtdıqdan sonra Fransada gördüyü demokratiya və milliyyətçilik ideyaları barədə Əhmədlə söhbətlər etmişdir. Bu ideya və düşüncələr Əhməd Zirəkzadənin sonrakı siyasi həyatına böyük təsir göstərmişdir.Ahmad Zirakzadeh, Unanswered questions in exceptional years, with the effort of Dr.Abolhasan Zia Zarifi, Niloofar Press, Tehran, Iran 1997. ()

Təhsili 1925-ci ildə Əhməd Zirəkzadə Tehrana getmiş və Darülfünun liseyinə daxil olmuşdur. Bir ildən sonra o, İran Müdafiə Nazirliyinin təqaüdünü qazanaraq gəmiqayırma mühəndisliyi üzrə təhsil almaq üçün Paris Politexnik Universitetinə yollanmışdır; orada o, İrandan tamamilə fərqli bir dünya ilə tanış olmuşdur.

Siyasi fəaliyyəti 1935-ci ildə İrana qayıtdıqdan sonra, aldığı təqaüdə görə hərbi dəniz qüvvələrində xidmət etməli olmuşdur. O, Xürrəmşəhrə getmiş, orada dəniz zabiti kimi fəaliyyət göstərmiş, 1941-ci ildə isə Bəndər-Ənzəlidə Nəqliyyat Nazirliyinə köçürülmüşdür. 1943-cü ildə mühəndislərin tətilindən sonra o, "nəyisə dəyişməli olduğunu" hiss edərək Tehrana getmiş və Mühəndislər Mərkəzinin () rəhbər heyətinə seçilmişdir.

Zirəkzadə, Fərivər, Şəfəq, Müəzzəmi və başqaları milliyyətçi bir partiya olan İran Partiyasının əsasını qoymuşdurlar. Bu partiya İran Milli Cəbhəsinin ən mühüm sütunlarından biri və Məhəmməd Müsəddiq hökumətinin onurğa sütunu hesab olunurdu. Zirəkzadə partiyanın baş katibi vəzifəsini icra etmişdir. İran Partiyasının ilk qəzeti Cəzayirinin rəhbərliyi ilə nəşr olunan "Şəfəq" (), ikincisi isə Zirəkzadə tərəfindən dərc edilən "Cəbhə" () qəzeti olmuşdur. Sonradan İran Partiyasının Tudə Partiyası ilə ittifaq qurması onun nüfuzuna xələl gətirmişdir.

1951-ci ildə Müsəddiq İranın Baş naziri seçildikdən sonra Zirəkzadə İqtisadiyyat nazirinin müavini təyin edilmişdir. Daha sonra, 1952-ci il parlament seçkilərində onun adı digər on bir nəfərlə birlikdə Milli Cəbhənin siyahısına daxil edilmişdir. O, Tehran xalqı tərəfindən 17-ci çağırış parlamentin üzvü seçilmiş, Məhəmməd Müsəddiq, Hüseyn Fatimi, Məkki, Həsibi, Əsgər Parsa və Milli Cəbhənin digər üzvləri ilə birlikdə neftin milliləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir.

1953-cü il çevrilişi və sonrakı dövr Əhməd Zirəkzadə 1953-cü ildə MKİ tərəfindən təşkil edilən dövlət çevrilişi zamanı Məhəmməd Müsəddiqin evində olmuş və oradan qaçmağa çalışarkən ayağı sınmışdır. Çevrilişdən sonra təxminən iki il yarım hökumətdən gizlənmiş, lakin sonradan həbs edilərək beş ay müddətində zindanda saxlanılmışdır. Azadlığa çıxdıqdan sonra o, şəxsi biznesini qurmuşdur. 1953-cü il çevrilişindən sonra yenidən hakimiyyəti ələ alan şahın onun hökumətə qarşı fəaliyyət göstərməsindən şübhələnməsi səbəbindən Zirəkzadə 1957-ci ildə təkrar həbs olunmuşdur. Həbsdən çıxdıqdan sonra İranın ikinci Milli Cəbhəsinin üzvü olmuş, lakin bu yeni siyasi partiyada əvvəlki qədər fəal olmamışdır. O, bu vəziyyəti "əvvəlki həvəsim qalmamışdı" sözləri ilə ifadə etmişdir. İran İslam inqilabından bir il sonra, 1980-ci ildə Amerika Birləşmiş Ştatlarına köçmüş və İrana qayıdana qədər uzun illər orada yaşamışdır.

Vəfatından əvvəl Əhməd Zirəkzadə öz vəsaiti hesabına bir elm fondunun yaradılmasını vəsiyyət etmişdir. Hazırda həmin müəssisə Tehranda "Zirəkzadə Elm Fondu" adı altında fəaliyyət göstərməkdədir. Fond fəaliyyətinə Bəhmən Mədəniyyət Mərkəzi və Xavəran Mədəniyyət Mərkəzində iki tədqiqat mərkəzi yaratmaqla başlamışdır. Bundan sonra fond Tehranda və digər şəhərlərdə digər tədqiqat mərkəzlərinin yaradılmasında əməkdaşlıq etmişdir. Bu fond 2000-ci ildə Elmin Təşviqi Mükafatını qazandı.

Əhməd Zirəkzadə 1993-cü ildə 86 yaşında Tehranda vəfat etmiş və Behişti-Zəhra qəbiristanlığında dəfn olunmuşdur.

İstinadlar

Kateqoriya:İran siyasətçiləri Kateqoriya:İranlı məhbuslar və məhkumlar