"Əlborz" əməliyyatı () və ya daha çox məlum olan kod adı ilə "Kaman 99" əməliyyatı () – İraqın bir gün əvvəl İrana qarşı həyata keçirdiyi və 8 il davam edən İran–İraq müharibəsinin başlanğıcı sayılan qəfil hava hücumlarına cavab olaraq İran Hərbi Hava Qüvvələri tərəfindən təşkil edilmiş hərbi əməliyyat. Təxminən 200 təyyarənin (onlardan 140-dan çoxu İraq hava məkanına daxil olmuşdur) cəlb olunduğu bu hücum İran İslam Respublikası Hərbi Hava Qüvvələrinin tarixidə həyata keçirdiyi ən böyük əməliyyat hesab olunur. Dörd gün davam edən əməliyyat tam uğurla nəticələnmiş və iranlılar münaqişənin ilk illərində havada üstünlüyü təmin etmişlər.

Müharibənin rəsmi olaraq başlanmasından cəmi 3 saat sonra start götürən əsas hücum dalğasında 140-dan 148-ə qədər İran qırıcı-bombardmançı təyyarəsi iştirak etmişdir. Əməliyyata, həmçinin 60 qırıcı-önləyici və yanacaqdoldurma təyyarəsi, eləcə də ən azı 380 hərbi hava qüvvələri şəxsi heyəti cəlb olunmuşdur ki, bu da onu İran Hərbi Hava Qüvvələrinin keçirdiyi ən genişmiqyaslı əməliyyata çevirmişdir.

Əməliyyat zamanı Kərkük, Ər-Rəşid, Nəsiriyə, Həbbaniyə (o cümlədən Təmmuz), Şeybə, Kut və Ümm-Qəsr hərbi hava bazaları, həmçinin Bağdad Beynəlxalq Hava Limanı və Əl-Müsənna Hava Limanı bombardman edilmişdir.

Zəmin 22 və 23 sentyabr 1980-ci il tarixlərində İraq ümumilikdə 166-dan 192-yə qədər qırıcı və bombardmançı təyyarə vasitəsilə 250 uçuş həyata keçirmiş, İranın strateji məntəqələrinə qəfil hava zərbələri endirmişdir. Yerli vaxtla saat 13:45-də İraqa məxsus altı ədəd "MiQ-23" tipli təyyarə Əhvaz yaxınlığındakı İran hərbi hava bazasını bombardman etmişdir. Yarım saat sonra isə İraq "MiQ-23"ləri Tehranın Mehrabad hava limanına hücum təşkil etmiş, eyni zamanda ölkənin digər səkkiz mühüm hərbi hava bazası da iraqlılar tərəfindən atəşə tutulmuşdur. Bu hücum dalğasının ardınca "Bağdad" radiosu yayımladığı bəyanatda iranlı pilotları İraqa sığınmağa çağırmışdır.AJA News

Buna baxmayaraq, Altıgünlük müharibənin təcrübəsindən nəticə çıxaran İran tərəfi döyüş təyyarələrinin böyük hissəsini xüsusi mühafizə olunan beton sığınacaqlarda saxladığı üçün İraqın zərbələri yalnız uçuş-enmə zolaqlarının zədələnməsi ilə nəticələnmişdir. Qısa müddətdə bərpa olunan bu zədələr İran Hərbi Hava Qüvvələrinə ciddi ziyan vurmamış və komandanlıq növbəti gün reallaşdırılacaq cavab hücumunun hazırlıqlarına başlamışdır. İraqın bu hücumundan iki saat sonra İran aviasiyası "İntiqam" əməliyyatını həyata keçirərək, İraqın Şeybə, Ümm-Qəsr və Kut hərbi hava bazalarını bombalamışdır.

Döyüş 23 sentyabr 1980-ci il tarixində, səhər saat 05:00-da İran "Kaman 99" əməliyyatına start vermişdir. Həmədan hərbi hava bazasından "Mark 82", "Mark 83" və "Mark 84" tipli bombalar, həmçinin "AGM-65 Maverick" raketləri ilə silahlanmış 40 ədəd "F-4 Phantom" təyyarəsi havaya qalxmışdır. Havada yanacaq doldurduqdan sonra İraqın paytaxtı Bağdada daxil olan qırıcılar Ər-Rəşid, Həbbaniyə və Kut bazalarına zərbələr endirmişdilər. Eyni vaxtda Tehranın Mehrabad bazasından havaya qalxan daha səkkiz ədəd "F-4" təyyarəsi Ər-Rəşid bazasına ikinci hücumu reallaşdırmışdır.Razoux, p. 27.

Təbriz hərbi hava bazasından isə Mosul bazasına hücum etmək məqsədilə 58 ədəd "F-5E Tiger II" qırıcısı cəlb olunmuşdur. Mosul istiqamətindəki əməliyyatdan sonra 50 ədəd "F-5E" təyyarəsi Nəsiriyə hərbi hava bazasına ağır zərbələr vurmuşdur.

İranın 148 ədəd "F-4" və "F-5" qırıcısı İraq ərazisindəki hədəfləri bombalamaq üçün əməliyyata başladığı zaman, İraqın mümkün cavab zərbələrinin qarşısını almaq və ölkənin hava məkanını qorumaq məqsədilə 60 ədəd "F-14 Tomcat" təyyarəsi havaya qaldırılmışdır. Hava döyüşləri nəticəsində İranın "F-14" qırıcıları İraqa məxsus iki ədəd "MiQ-21" və üç ədəd "MiQ-23" təyyarəsini, həmçinin bir ədəd "F-5E" qırıcısı İraqın "Su-20" təyyarəsini vuraraq zərərsizləşdirmişdir.

Hava hücumlarının xronologiyası və nəticələri baxımından ilk növbədə Təbriz bazasından havaya qalxan 48 ədəd "F-5E" qırıcı-bombardmançısı Mosul bazasını bombalayaraq, onu aylarla istifadəyə yararsız hala salmışdır. Dezful bazasına məxsus 40 ədəd "F-5E" qırıcısı Nəsiriyə hərbi hava bazasına ağır ziyan vurmuşdur. Həmədan bazasından hərəkət edən 16 ədəd "F-4E" qırıcısı Kut bazasını bombalamış və İran mənbələrinin məlumatına görə, baza tamamilə məhv edilmişdir. Buşəhr bazasına məxsus 12 ədəd "F-4E" təyyarəsi Şeybə bazasına zərbələr endirmişdir. Həmədan bazasından uçan 12 ədəd "F-4E" qırıcısı Bağdad yaxınlığındakı Ər-Rəşid bazasının 80%-ni sıradan çıxarmış, yerdə olan bir neçə "MiQ-23" təyyarəsini məhv etmişdir. Həmədan bazasının daha 8 ədəd "F-4E" təyyarəsi Bağdad Beynəlxalq Hava Limanını və Bağdadın qərbində yerləşən Şimali Həbbaniyə (o cümlədən Təmmuz) bazasını bombalamışdır. Sonrakı hava axınları zamanı Kərkük hərbi hava bazası, Əl-Müsənna hava limanı və digər strateji hədəflər də atəşə tutulmuşdur.

İran pilotları radarlardan yayınmaq üçün uçuşları o qədər aşağı hündürlükdə həyata keçirmişdilər ki, İraqın böyük şəhərlərinin kənarındakı yüksək gərginlikli elektrik naqilləri onlar üçün ciddi təhlükə yaratmışdır. Hətta Buşəhr hərbi hava bazasına eniş edən "F-4" təyyarələrindən birinin quyruq hissəsində Bəsrə bələdiyyəsinə aid reklam lövhəsinin ilişib qaldığı aşkar olunmuşdur.

Nəticəsi İran Hərbi Hava Qüvvələrinin zəif tərəflərindən yararlanmağı planlaşdıran Səddam Hüseyn və İraq hərbi komandanlığı bu əməliyyatla ağır zərbə almışdır. İranla sərhədə yaxın olan bütün İraq hərbi hava bazaları həftələrlə fəaliyyətini dayandırmış və İran tərəfinin hesablamalarına görə, İraqın aviasiya effektivliyi 55% azalmışdır. Bununla belə, İran tərəfi də əməliyyat zamanı İraqın zenit-artilleriya sistemləri, zenit-raket kompleksləri və qırıcı təyyarələri tərəfindən vurulan 67-yə qədər təyyarəsini itirərək ciddi tələfat vermişdir. Hərbi ekspertlərin rəyinə görə, bu döyüş dünya hərb tarixinin ən böyük hava qarşıdurmalarından biri hesab olunur.

Bu əməliyyat İran ordusuna qüvvələrini yenidən qruplaşdırmaq və gözlənilən İraq işğalına hazırlaşmaq üçün şərait yaratmışdır. Buna baxmayaraq, İraq qoşunları Xuzistan ostanının daxilinə doğru irəliləməyə nail olmuş və iranlıların İraq qüvvələrini öz ərazilərindən tamamilə çıxarması və İraq ərazisinə daxil olması təxminən 2 il vaxt aparmışdır. Müharibə daha 6 il davam edərək, XX əsrin ən uzunmüddətli konvensional münaqişəsinə çevrilmiş, hər iki tərəfdən təxminən bir milyona yaxın insanın həlak olması və ya yaralanması ilə nəticələnmişdir.

Mədəniyyətdə Hərbi əməliyyatın tarixi briqada generalı Əhməd Mehrnia tərəfindən qələmə alınmış "140+8 Təyyarə" () adlı sənədli kitabda əks olunmuşdur. Bundan əlavə, yazıçı Mərcan Satrapinin "Persepolis" adlı avtobioqrafik qrafik romanında bu döyüşə xüsusi yer verilmiş, müəllif sinif yoldaşı Pərdis Əntəzaminin pilot olan atasının məhz bu hava əməliyyatı zamanı həlak olduğunu qeyd etmişdir.

İstinadlar

Kateqoriya:İran-İraq müharibəsi Kateqoriya:İraqdakı döyüşlər Kateqoriya:İranın hərbi əməliyyatları