Bənu Bəkr () və ya Bənu Bəkr ibn Vail () — Ədnanilərə mənsub olan ərəb qəbiləsi.
Mənşəyi Qəbilənin əcdadı olan Bəkr ibn Valin nəsli Ədnana qədər gedib çatır. Qəbilənin qolları ən mühüm hesab olunan qolları bunlardır:
Bənu İcl Bənu Hənifə Bənu Şeyban Bənu Teymullah Bənu Qeys ibn Sələbə Bənu Zöhl Bu qollar Bəkr ibn Vailin oğulları olan Əli, Yəşkür və Bədənin nəslindəndirlər.
Tarixi Tarixi mənbələrdə Bəkr ibn Vail qəbiləsinin adına ilk dəfə IV əsrdə rast gəlinir. Döyüşkən xarakteri ilə tanınan bu qəbilə xarici dövlətlərlə, qonşu, bəzən isə öz daxilindəki qohum qəbilələrlə döyüşmüş, nəticədə bəzi dövrlərdə mühüm siyasi üstünlüklər əldə etmiş, bəzi hallarda isə məğlub olaraq işğallara məruz qalmışdır.
Onlar Təmim və Əbdülqeys qəbilələri ilə birlikdə İran torpaqlarına hücumlar təşkil etmişdilər. Təxminən 330-cu ildə II Şapurun bu hücumlara cavab verməsi nəticəsində onlar ağır itkilər verərək məğlub oldular. V əsrdə Yəmən hakimiyyətini qəbul etməyə məcbur qalan qəbilə, V əsrin ortalarında Kində tayfasının rəhbərlərindən Hucr ibn Aqilin vasitəçiliyi ilə Mərkəzi Ərəbistan qəbilələri, xüsusilə də Təğlib qəbiləsi ilə razılıq əldə etdi.
Lakin bu razılaşma uzun sürmədi və Bəkr ilə Təğlib arasında fasilələrlə 40 il davam edən qanlı Bəsus müharibəsi baş verdi. Qarşılıqlı döyüşlər nəticəsində ciddi itkilər verən və tamamilə məhv olmaq təhlükəsi ilə üzləşən hər iki qəbilə bir müddət Kində qəbiləsinin hakimiyyətini qəbul etdi. Bu dövrdə güclənən Bəkr və Təğlib qəbilələri Kində ilə birlikdə Hirə bölgəsini ələ keçirdilər.
Sasani hökmdarı I Xosrov Ənuşirəvanın hakimiyyəti dövründə Hirə hökmdarı III Munzir hərbi yürüş təşkil edərək Kində və onun müttəfiqlərini qəti şəkildə məğlub etdi və bölgədə hakimiyyəti yenidən bərpa etdi. Məhz bu dövrdə Bəkr və Təğlib arasındakı düşmənçilik yenidən alovlandı və uzun fasilədən sonra Bəsus müharibəsi təkrar başladı. Bu müharibələrdə məğlub olan Bəkrilər III Munzirə müraciət edərək tərəflər arasında sülh yaratmasını xahiş etdilər. Onun müdaxiləsi nəticəsində Bəsus müharibəsi sona çatdı (təxminən 525-ci il).
Bundan sonra Bəkr ibn Vail qəbiləsi uzun müddət Hirəni idarə edən Ləxmilərin hakimiyyəti altında yaşadı və onlara sadiq qaldı. Buna görə də son Ləxmi hökmdarı III Numan ibn Munzir, II Xosrov Pərviz tərəfindən öldürülməzdən əvvəl öz xəzinəsini və silahlarını qəbilənin Bənu Şeyban qoluna əmanət etmişdi. II Xosrovun Hirəyə təyin etdiyi Təyy qəbiləsindən İyas ibn Qabisə həmin xəzinələrin geri qaytarılmasını tələb etdikdə, Bəkrilər bu tələbi rədd etdilər.
Bunun ardınca II Xosrovun göndərdiyi Sasani qüvvələri ilə Bəkr ibn Vail qəbiləsi arasında ərəb tarixinin ən mühüm hadisələrindən biri baş verdi. Zi Qar adlı yerdə mövqe tutan Bəkr ibn Vail qüvvələri güclü Sasani ordusunu ağır məğlubiyyətə uğratdılar. Bu döyüşün tarixi barədə mənbələrdə 604–624-cü illər arasında müxtəlif tarixlər göstərilmişdir.
Sonrakı illərdəki hadisələrdə (Birinci fitnə, İkinci fitnə və s.) də mühüm rol oynayan Bəkrilərin aktivliyi Abbasi xəlifə Əbu Cəfər əl-Mənsurun dövrünə qədər davam etmişdir. Bu dövrdə üsyan qaldıran Bəkrilər Əbu Müslim tərəfindən məğlub edildikdən sonra mühüm hadisələrə qarışmadan mövcudluqlarını davam etdirmişlər.
Dini inancı Cahiliyyə dövründə Bəkr ibn Vail qəbiləsinin böyük əksəriyyəti bütpərəst idi. Onların ən məşhur bütləri Zül-Kəbeyn (Zül-Kəəbət), Üvəl və əl-Mühərrəq adlanırdı. Bununla yanaşı, qəbilə üzvləri arasında xristianlığı qəbul edənlər də var idi.
Qəbilənin İslamla təması hicrətin 6-cı ilindən sonra başlamışdır. Hicrətin 9-cu ilində (630-cu il), müxtəlif bölgələrdən nümayəndə heyətlərinin Məhəmmədin yanına gəldiyi dövrdə Bəkr ibn Vail qəbiləsinin bəzi nümayəndələri də Mədinəyə gələrək İslamı qəbul etdiklərini bildirmişlər.
Həmçinin bax Zi Qar döyüşü
İstinadlar
Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Rəbiə