Ukrayna 2023 Avroviziya Mahnı Müsabiqəsində — Ukraynanın 2023-cü il Avroviziya Mahnı Müsabiqəsində iştirakı. Ukrayna 2023-cü il Avroviziya Mahnı Müsabiqəsində "Tvorchi" elektron musiqi dueti tərəfindən ifa olunan "Heart of Steel" mahnısı ilə təmsil olunmuşdur. Ukraynanın milli yayımçısı – Ukrayna İctimai Yayım Şirkəti 2023-cü il müsabiqəsi üçün ölkə təmsilçisini seçmək məqsədilə milli final təşkil etmişdir. 2022-ci il yarışmasının qalibi olan ölkə kimi Ukrayna böyük final mərhələsində birbaşa iştirak etmək hüququ qazanmışdır. "Tvorchi" dueti səsvermənin yekununda ümumilikdə 243 xal toplayaraq altıncı sırada qərarlaşmışdır.
Zəmin Ukrayna İctimai Yayım Şirkəti ölkənin müsabiqədə ilk dəfə iştirak etdiyi 2003-cü ildən bəri Ukraynanı on səkkizinci dəfə təmsil etmişdir. Ölkə müsabiqədə ilk dəfə 2004-cü ildə Ruslananın ifasında "Wild Dances" mahnısı ilə qələbə qazanmışdır. İkinci dəfə 2016-cı ildə Camalanın ifa etdiyi "1944" mahnısı ilə, üçüncü dəfə isə 2022-ci ildə "Kalush Orchestra" qrupunun təqdim etdiyi "Stefania" kompozisiyası ilə yarışmanın qalibi olmuşdur. Ukrayna iki dəfə müsabiqənin ikincisi adını qazanmışdır: 2007-ci ildə Verka Serduçkanın ifasında "Dancing Lasha Tumbai" mahnısı ilə və 2008-ci ildə Ani Lorakın ifa etdiyi "Shady Lady" kompozisiyası ilə. 2004-cü ildə yarımfinalların tətbiqindən bəri Ukrayna indiyədək iştirak etdiyi bütün buraxılışlarda finala yüksəlməyi bacaran yeganə ölkə olmuşdur. Onların ən aşağı nəticəsi ev sahibi qismində çıxış etdikləri 2017-ci ildə "O.Torvald" qrupunun "Time" mahnısı ilə tutduqları 24-cü yer hesab olunur.
Ukraynanın milli yayımçısı – Ukrayna İctimai Yayım Şirkəti müsabiqəni ölkə daxilində yayımlayır və təmsilçinin müəyyənləşdirilməsi prosesini təşkil edir. Əvvəllər UA:PBC Ukrayna nümayəndə heyətini seçmək üçün daxili seçim və milli final formatlarını növbəli şəkildə tətbiq etmişdir. 2016–2020-ci illər rübündə yayımçı, kommersiya yönümlü STB telekanalı ilə əməkdaşlıq çərçivəsində, tamaşaçıların və münsiflər heyətinin iştirakı ilə "Avroviziya"da Ukraynanı təmsil edəcək mahnı və ifaçını müəyyən etmək üçün bir neçə sənətçinin qatıldığı milli finallar təşkil etmişdir. 2022-ci ildə yayımçı Ukrayna təmsilçisini seçmək üçün milli finalı müstəqil şəkildə təşkil etmək qərarına gəlmiş və bu proses 2023-cü ildə də yenidən tətbiq olunmuşdur. Prodüser şirkətləri öz təkliflərini 9 sentyabr və 30 sentyabr 2022-ci il tarixləri arasında təqdim etmək imkanı qazanmış, seçilən "Starlight Media" şirkətinin adı isə 24 oktyabr 2022-ci il tarixində bəyan edilmişdir. Sözügedən şirkət daha əvvəl 2016–2020-ci illərdə Ukraynanın milli finallarını keçirmişdir.
Ukraynanın 2022-ci ildəki qələbəsindən sonra "Avroviziya "ənənələrinə uyğun olaraq, Avropa Yayım İttifaqı (AYİ) Ukraynaya 2023-cü il müsabiqəsini təşkil etmək imkanı tanımışdır, lakin sonradan AYİ, davam edən Rusiyanın Ukraynaya hərbi müdaxiləsi şəraitində Ukraynanın tədbirin təhlükəsizliyinə təminat verə bilməyəcəyi qənaətinə gəlmişdir. Avropa Yayım İttifaqı 2022-ci il yarışmasında ikinci yeri tutmuş Böyük Britaniyanın BBC yayım korporasiyası ilə tədbirin bu ölkədə keçirilməsinə dair danışıqlar apardığını bildirmişdir. 25 iyul 2022-ci il tarixində Böyük Britaniyanın 2023-cü il müsabiqəsinə ev sahibliyi edəcək ölkə olacağı rəsmən təsdiqlənmişdir. Bununla belə, Ukraynanın UA:PBC yayımçısı canlı yayımlarda Ukrayna elementlərinin və bloklarının hazırlanması və tətbiqi istiqamətində BBC ilə birgə fəaliyyət göstərmiş, Ukrayna təmsilçisi isə yarımfinal mərhələsindən azad edilərək birbaşa finala vəsiqə qazanmışdır.
İstinadlar
Kateqoriya:Ukrayna Avroviziya Mahnı Müsabiqəsində