Müseyib Zəyəm və ya Musa Eyyüp Zeyem () — azərbaycanlı şair, siyasi mühacir.

1908–1915-ci illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib. Üsyanda iştirak etdiyi üçün həbs olunub. Həbsdən çıxdıqdan sonra qaçaq dəstəsinin tərkibində bolşeviklərə qarşı mübarizə aparıb. Daha sonra silah dəstəyi almaq və mübarizə aparmaq üçün qüvvələrini yenidən təşkil etmək məqsədilə Gürcüstan Demokratik Respublikasına gedib. Gürcüstan DR bolşeviklər tərəfindən işğal olunduqdan sonra 1921-ci ildə Türkiyəyə mühacirət edib.

Həyatı Müseyib Zəyəm 1900-cü ildə Bayramlı kəndində anadan olub. 1908–1915-ci illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. 1915-ci ildə Şəmkirə geri qayıdıb. 1917-ci ildə ailəsi ilə birlikdə Gəncəyə köçüb.

Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra 1920-ci ilə qədər Gəncədə polis idarəsində tərcüməçi kimi işləyib. 1920-ci ilin may ayında, Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib. Üsyan yatırıldıqdan sonra həbs olunub.

Bir müddət sonra həbsdən çıxıb və əvvəlcə Tovuza, daha sonra isə Eldar ərazisində bolşeviklərə qarşı mübarizə aparan 300 nəfərlik qaçaq dəstəsinə qoşulub. Daha sonra silah dəstəyi almaq və mübarizə aparmaq üçün qüvvələrini yenidən təşkil etmək məqsədilə Gürcüstan Demokratik Respublikasına gedib. Gürcüstan DR bolşeviklər tərəfindən işğal olunduqdan sonra Trabzona köçüb və orada 13 il ticarətlə məşğul olub. Türkiyəyə keçdikdən sonra "Musa Eyyüb" kimi tanınıb.

1936-cı ildə İğdıra köçüb və İğdır bələdiyyəsində təhsildar işləməyə başlayıb. Mühacirətdə ikən vətən sevgisi, azadlıq və milli kimlik mövzularında şeirlər yazıb. 1953-cü ildə İğdırda yazdığı şeirlərini topladığı dəftəri, 1955-ci ildə mühacir Əziz Alpouda hədiyyə edib. O isə bu şeirləri mühacirlərin nəşr etdirdikləri "Mücahit" jurnalında çap edib.

1957-ci il martın 31-də vəfat edib və İğdırda yerləşən Əsri məzarlığında dəfn olunub.

Fahrettin Kırzıoğluna təqdim etdiyi şeirlərinin əlyazması, 2013-cü ildə Nizamettin Onk tərəfindən "Böyük şair Müseyib Zəyəm" adı ilə nəşr olunub.

Ailəsi Müseyib bəy Şəmkirdə yaşayan Sultanzadələr nəslindəndir. Hüseyn bəy və Püstə xanımın ailəsində anadan olub. Ailədə 6 qardaş və 3 bacı olublar. 1906-cı ildə atası, 1908-ci ildə anası vəfat edib. Bundan sonra əmisinin və qardaşının himayəsində böyüyüb.

Türkiyəyə mühacirət etdikdən sonra 1924-cü ildə Trabzonda Zəkiyyə xanımla ailə qurub. İki qızı və bir oğlu olub.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Gəncə üsyanının iştirakçıları Kateqoriya:Sovet işğalına qarşı döyüşənlər Kateqoriya:Azərbaycanlı şairlər