İtaliyada fəhlə üsyanı və ya "Qırmızı həftə" () ― keçmiş baş nazir Covanni Colittinin proletariatı İtaliyanın ictimai sisteminə inteqrasiya etməyə yönəlmiş islahatlarına qarşı 7–11 iyun 1914-cü il tarixində, Birinci Dünya müharibəsi ərəfəsində italiyalı fabrik və zavod fəhlələrinin keçirdiyi ümumi tətil və nümayişlər. İğtişaşlar Romanya, Marke və Toskana regionlarını əhatə etmiş, bir sıra yaşayış məntəqələrində müstəqil kommunalar və ya "respublikalar" elan olunmuşdur. Hərəkatda 1 milyondan çox insan, o cümlədən sosialistlər (Ümumi Əmək Konfederasiyası həmkarlar ittifaqı mərkəzi və İtaliya Sosialist Partiyası), anarxo-sindikalistlər (İtaliya Sindikal İttifaqı həmkarlar birliyi) və İtaliya Respublikaçılar Partiyası iştirak etmişdir. Bu hadisə İtaliya Krallığının yaranmasından bəri ölkədə baş verən ən kütləvi inqilabi çıxış kimi qiymətləndirilmişdir.
Zəmin İtaliyanın keçmiş baş naziri Covanni Colittinin proletariatın ölkənin liberal ictimai sistemi ilə münasibətlərini tənzimləməyə yönəlmiş bir sıra islahatları fəhlə sinfinin narazılığına səbəb olmuşdur. 7 iyun tarixində nümayişlərin başlamasına birbaşa bəhanə bir anarxist fəhlənin ordu zabitini öldürməkdə təqsirləndirilməsi olmuşdur.
Sindikalist həmkarlar ittifaqları, İtaliya zabitinə qəsd etməkdə təqsirləndirilən anarxist fəhlə Auqusto Mazetti ilə həmrəylik əlaməti olaraq 7 iyun 1914-cü il tarixində 24 saatlıq ümumi tətil çağırışı etmişdilər. Tətilin tarixi təsadüfən seçilməmişdir: 7 iyun tarixində royalistlər və mühafizəkarlar 1848-ci ilin həmin günündə Sardiniya-Pyemont krallığının konstitusiyasının elan edilməsi şərəfinə nümayişlər keçirirdilər. İtaliya Sosialist Partiyası tətili rəsmi olaraq dəstəkləmiş, lakin ona rəhbərlik etməmişdir.
Xronologiyası 7 iyun 1914-cü il tarixində İtaliya fabrik fəhlələrinin ümumi tətili başlamışdır. Həmin gün antimüharibə çıxışları və mitinqlər də keçirilmişdir. Bir çox şəhərlərdə hadisələr dinc şəraitdə cərəyan etmişdir, lakin Ankonada (mitinq təşkilatçıları arasında anarxist Erriko Malatesta və respublikaçı Pyetro Nenni var idi) və Milanda etirazçılarla polis və ordu arasında baş verən toqquşmalar 3 nəfərin həlak olmasına və azı 10 nəfərin yaralanmasına səbəb olmuşdur. 8 iyun tarixində Romada Ümumi Əmək Konfederasiyası ordunun Ankonadakı əməliyyatlarına qarşı tətilə başlamaq çağırışı etmişdir.
9 iyun tarixində fəhlələrin ümumi müddətsiz tətili başlamış və bu hərəkat Turin, Neapol, Florensiya, Milan, Venesiya və bir sıra başqa yaşayış məntəqələrində silahlı mübarizəyə çevrilmişdir. Bir çox şəhərlərdə (məsələn, Neapol, Parma və Florensiyada) nümayişçilərlə şəhərlərə yeridilmiş qoşunlar arasında küçə döyüşləri başlamış, Parmada isə vəziyyət mühafizəkar və anarxist qruplaşmalar arasında baş verən atışmalarla daha da kəskinləşmişdir.
Fəhlələrə kəndlilər də qoşulmuş, stixiya şəraitində fəaliyyət göstərən rəhbər "fəaliyyət komitələri" yaradılmış və bəzi yerlərdə öz "respublikaları" elan olunmuşdur. Ankona müstəqil kommuna elan edilmiş, silahlı etirazçılar polis və orduya hücum etmişdir. Şəhər prefekti hərbi vəziyyət tətbiq etmişdir. Romanyadakı nümayişçilər İtaliyadan müstəqilliklərini elan edərək respublika qurduqlarını bəyan etmişdilər. Oxşar proseslər Fabriano, Seniqalliya və bir neçə digər kiçik şəhərdə də baş vermişdir. Marke, Ferrara və Ravennada şəhərlərin idarəçiliyi üsyançıların əlinə keçmişdir.
10 iyun tarixində Antonio Salandranın hökuməti tərəfindən üsyanı yatırmaq üçün 100 min əsgərdən ibarət ordu göndərilmişdir. Etirazların baş verdiyi əyalətlərə qoşunların yeridilməsini nəzərə alaraq, Ümumi Əmək Konfederasiyası ümumi tətilin 11 iyun tarixindən etibarən dayandırıldığını elan etmişdir. Anarxistlərin lideri Erriko Malatesta nümayişlərin dayandırılmasına qarşı çıxaraq prosesin sadəcə bir tətil yox, inqilab olduğunu vurğulamış, laqeydlik göstərənləri və xainləri qınayaraq inqilabı dəstəkləyən çağırışlar etmişdir.
11 iyun tarixində ümumi tətil və nümayişlər dayandırılmışdır. Etirazların son əks-sədaları 13–14 iyun tarixlərində yatırılmışdır. Hökumət çıxış iştirakçılarına qarşı repressiyalara başlamışdır.
== Nəticələri 2 avqust 1914-cü il tarixində baş nazir Antonio Salandra ölkədə yaşanan kəskin siyasi böhran və bunun təzahürü olan "Qırmızı həftə" zamanı baş vermiş kütləvi etirazlar səbəbindən İtaliyanın Mərkəzi dövlətlər tərəfində müharibədə iştirak etməsinin mümkünsüzlüyünü alman səfirinə bəyan etmişdir.
Etirazlar Colittinin yürütdüyü liberal siyasətin ölkənin ne industrial şimalını, ne də aqrar cənubunu qane etmədiyini və bu xəttin davam etdirilməsinin imkansızlığını göstərmişdir.
İstinadlar
Kateqoriya:İtaliya krallığı (1861–1946) Kateqoriya:Anarxizm tarixi