Ər-Rəd aləl-Cəhmiyyə () — Osman ibn Səid əd-Dəriminin mötəzilə və cəhmiyyənin bəzi görüşlərini tənqid etdiyi əsəri.

Əsər Əsər təbəqat kitabları ilə yanaşı, biblioqrafik mənbələrdə də Dərimiyə aid edilmişdir.

Müqəddimədən sonra on beş bab şəklində tərtib edilən kitabın məzmununu dörd bölmə üzrə araşdırmaq mümkündür. Sələfiyyə ilə kəlam alimləri arasında təfsiri və yozumu mübahisə doğuran xəbəri sifətlərə, həmçinin Quranın əzəli (məxluq olmayan) olduğunu bildirən ifadələrə yer verilən müqəddimədə qeyd edilir ki, Bəsrədə Cəd ibn Dirhəmin və Xorasanda Cəhm ibn Səfvanın meydana çıxmasına qədər müsəlmanlar arasında iman əsasları ilə bağlı fərqli görüşlər mövcud olmamışdır.

Müəllif bildirir ki, əsərini müsəlmanlara zərər verə biləcək bu cür ixtilafların təsirini aradan qaldırmaq məqsədilə qələmə almışdır.

"Ər-Rədd aləl-Cəhmiyyə" əsəri sonrakı dövrdə eyni istiqaməti mənimsəyən alimlərə təsir göstərmişdir. İbn Qəyyim əl-Cövziyyə müəllifin bu əsərini və "ər-Rədd aləl-Mərisi" adlı kitabını tövsiyə etmiş, İbn Teymiyyənin də oxşar tövsiyələrdə olduğunu qeyd etmişdir.

Bununla yanaşı, Dərimi həm mötəziləyə, həm də ehtimal ki, bəzi hənəfi alimlərini də daxil etdiyi cəhmiyyəyə qarşı son dərəcə sərt üslubdan istifadə etmişdir. O, onları zındıq, mülhid və kafir adlandırmış, Qureyş bütpərəstlərinə bənzətmiş və etiqadlarında səmimi olmadıqlarını iddia etmişdir.

"Ər-Rədd aləl-Cəhmiyyə" əsəri Köprülü Kitabxanasında saxlanılan əlyazma nüsxəsi (№ 850, vərəqlər 76a–109b) əsasında Gösta Vitestam tərəfindən nəşr edilmişdir (Lund–Leyden: 1960). Daha sonra həmin nəşr əsas götürülərək Əli Sami ən-Nəşşar və Əmmar ət-Talibinin təqdimatı ilə "Əqaidüs-sələf" adlı əsərin tərkibində yenidən çap olunmuşdur.

Həmçinin bax Sünni kitablarının siyahısı

Mənbə

İstinadlar

Ədəbiyyat