Hesseli Maksimilyan Fridrix Vilhelm Georq (; ) — Almaniya imperatoru III Fridrixin nəvəsi, Hessen şahzadəsi.

Həyatı 1894-cü ildə Offenbaxda dünyaya gəldi. Atası Hohensollern sülaləsindən Hesseli Fridrix Karl, anası isə Almaniya imperatoru III Fridrixin qızı Şahzadə Marqaritadır. Böyük Baden hersoqu I Leopoldun nəvəsi Badenli Maksimilyan onun xaç atası idi. Uşaqlıq illəri Kronberq malikanəsində keçdi. Bu qəsr ana nənəsi olan dul imperatriça Viktoriyanın ölümündən sonra 1901-ci ildə anasına miras qalmışdı. Anasının istəyilə ingilis üslubunda təlim-tərbiyə aldı. Frankfurtdakı Göte gimnaziyası, Potsdamdakı Helmholts gimnaziyası və Berlindəki kadet məktəbində təhsil aldı. Ardından Hannoverdəki hərbi məktəbə daxil oldu və bütün alman əsilzadə övladları kimi hərbi karyeraya yönəldi.

O əsnada başlayan Birinci Dünya müharibəsi səbəbilə leytenant rütbəsilə cəbhəyə yollandı. Qərb cəbhəsində vuruşan Maksimilyan Flandriya uğrunda gedən döyüşlərdə qarın nahiyyəsindən ağır yaralandı. Yaralı vəziyyətdə yaxınlıqdakı monastırlardan birinə sığındı. Ancaq monastır binası 13 oktyabr 1914-cü ildə ingilislərin top atəşiylə dağıdıldı. Bombardman bitdikdə yaralı Maksimilyanın öldüyü aşkarlandı. Ölən şəxsin Kayzer II Vilhelmin bacısı oğlu olduğunu öyrənən yerli əhali cəsədi gizlicə dəfn etdi. Müharibənin tamamlanmasının ardından kilsə xidmətçilərinin yer göstərməsiylə məzarı aşkarlandı və cənazə Kronberq malikanəsinin ərazisindəki məzarlığa dəfn olundu.

Mənbə

Ədəbiyyat Jonathan Petropoulos: Royals and the Reich. The Princes von Hessen in Nazi Germany. Oxford University Press 2006, ISBN 0-19-920377-6 Eckhart G. Franz: Das Haus Hessen. Eine europäische Familie. Kohlhammer, Stuttgart 2005, ISBN 3-17-018919-0. Eckhart G. Franz: Haus Hessen: biografisches Lexikon, 2012, S. 182–183, Eintrag HK 89 Paul Burg: Deutsche Prinzen, die für Deutschland starben: Zum Gedächtnis, Leipzig: Xenien-Verl., 1915, S. 112.

İstinadlar