Kərimov Elxan Emin oğlu (23 noyabr 1938, Göyçay rayonu — 6 aprel 2017, Bakı şəhəri) — azərbaycanlı alim, tibb elmləri doktoru (1989), professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi(2010) və əməkdar həkimi (2000)

Həyatı Elxan Kərimov 23 noyabr 1938-ci ildə Göyçayda anadan olub. 1956-cı ildə Göyçay şəhər 3 nömrəli orta məktəbi bitirərək Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə daxil olmuş və 1964-cü ildə təhsilini başa vurmuşdur. 1964–1968-ci illərdə Azərbaycan Tibb Universitetində və Kiyev Tibb İnstitutunda aspirantura təhsili almışdır.

1968–1987-ci illərdə Azərbaycan Tibb Universitetində dosent, Stomatologiya fakültəsinin dekanı və universitetin elmi katibi vəzifələrində çalışmışdır. 1989-cu ildə Kiyev Tibb İnstitutunda tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

E. Kərimov uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Həkimlərin Attestasiyası Komissiyasının sədri vəzifəsində çalışıb, Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının professoru olmuşdur. O, həmçinin Azərbaycan Stomatoloji Assosiasiyasının üzvü idi.1990-cı ildən ömrünün sonuna kimi ATU-nun ortopedik stomatologiya kafedrasına rəhbərlik edib.

Alim 100-dən çox elmi məqalənin, dərs vəsaitlərinin və səmərələşdirici təkliflərin müəllifidir.

6 aprel 2017-ci ildə Bakı şəhərində 78 yaşında ürək xəstəliyindən vəfat etmişdir.

Mükafatları Elxan Kərimovun Azərbaycanda tibb təhsilinin və elminin inkişafında mühüm xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 2010-cu ildə "Əməkdar elm xadimi" və 2000-ci ildə "Əməkdar həkim" fəxri adlarına layiq görülmüşdür.

Xatirəsi 2018-ci ildə Azərbaycan Tibb Universitetində Elxan Kərimovun anadan olmasının 80 illik yubileyi qeyd edilmişdir.

İstinadlar