Zaur bəy Daqirov və ya Zaur Daqir () — qumuq opera müğənnisi, Cümhuriyyət tələbəsi. Dağıstanın ilk opera müğənnisi kimi tanınıb.
Tiflis kadet korpusunda orta təhsil alıb. Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə dövlət hesabına xaricdə təhsil almaq üçün göndərilib. Parisə getsə də, ali məktəbə daxil olmadan 1920-ci ildə Bakıya qayıdıb.
1927-ci ildə Moskva Böyük Teatrının Dövlət Opera Studiyasında musiqi təhsili alıb. Opera və operetta tamaşalarında çıxış edib, Leninqrad qastrol bürosunun operetta truppasına rəhbərlik edib.
Həyatı
İlk illəri Zaur bəy Yusif bəy oğlu Daqirov 1901-ci il mayın 28-də Temirxan-Şura dairəsinin Aşağı Qazanış kəndində anadan olub. Milliyətcə qumuqdur. 1918-ci ildə Tiflis kadet korpusunu bitirib.
1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. 1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edilib. 200x200px|left|Parisdə ikən 1920-ci il.|frameless Zaur bəy bu proqramda iştirak etmək üçün Xalq Maarif Nazirliyinə müraciət edib. Ərizəsində Fransa və ya İsveçrənin xüsusi texniki məktəblərindən birində oxumaq niyyətində olduğunu bildirib. Həmin il noyabrın 25-də yazdığı digər ərizədə isə Almaniyanın Şarlottenburq şəhərindəki politexnik institutuna göndərilməsini xahiş edib. Müraciətindən sonra xaricdə dövlət hesabına təhsil almaq üçün seçilən tələbələr sırasına daxil edilib. 1919-cu il dekabrın 29-da təhsilini bitirdikdən sonra Azərbaycanda dörd il işləyəcəyinə və təhsil alacağı ölkədə siyasi və ya partiya fəaliyyətinə qoşulmayacağına dair iltizamnamələr təqdim edib. 1920-ci il yanvarın 13-də ona dövlət hesabına xaricdə təhsil almağa göndərilməsi haqqında 497 saylı vəsiqə verilib.
Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.
Parisdə qalan Zaur bəy ali məktəbə daxil olmayıb. Dramatik tenor səsə malik olduğu üçün Qrand-Opera teatrında çıxışlar edib. Lakin sonradan narkotik asılılığına düçar olduğu üçün nə təhsilini nə də yaradıcılığını davam etdirməyib və Bakıya qayıdıb. Ailəsinin müdaxiləsi və sərt müalicə üsulları ilə bu asılılıqdan qurtulub.
Avropada dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin nümayəndəsi Mirzeynalabdin Mirqasımzadə 1920-ci il avqustun 11-də xalq maarif komissarına təqdim etdiyi məruzədə Zaur bəyin təhsilini davam etdirmədiyini qeyd edib. Məruzəyə əsasən, o, tələbə komitəsi və Parisdəki Azərbaycan nümayəndə heyətinin qərarı ilə geri göndərilib, yol xərci üçün ona 2500 frank verilib.
SSRİ-də Bakıya qayıtdıqdan sonra 1921-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs olunub və 9 gündən sonra azadlığa buraxılıb. Zaur bəy Daqirov 1927-ci ildə Moskva Böyük Teatrının Dövlət Opera Studiyasında musiqi təhsilini başa vurub. Professor Dekanovun sinfində təhsil alıb. Səhnədə "Zaur Daqir" adı ilə çıxış edib.
"Krasnı Dagestan" qəzetinin 1927-ci il aprelin 28-də dərc etdiyi elanda onun mayın 2-də Dövlət Akademik Teatrında konsert verəcəyi bildirilib. Elanda Zaur Daqirin Moskva səyyar teatrında çalışdığı, konsertdə "Payatsı", "Qaratoxmaq qadın", "Karmen" və "Yevgeni Onegin" operalarından parçalar ifa edəcəyi qeyd olunub. Həmin yazıda o, dağıstanlılar arasında o dövrdə yeganə opera müğənnisi kimi təqdim edilib.
Opera ilə yanaşı, operetta tamaşalarında da çıxış edib. Moskva Operetta Teatrında fəaliyyət göstərib. Qardaşı oğlu Girey Daqirovun xatirələrinə görə, 1938-ci ilin yayında Leninqrad qastrol bürosunun operetta truppasının direktoru olub. Həmin yay truppa ilə birlikdə Kostroma, Yaroslavl və Voloqda şəhərlərinə qastrol səfərlərinə gedib.
Zaur bəy Daqirov ailə üzvləri ilə çox sıx əlaqə saxlamayıb və qapalı bir insan olub. Hətta bacısı Zahidə xanım vəfat edəndə dəfninə getmədiyi qeyd olunur. Bu uzaqlıq səbəbindən onun dəqiq ölüm tarixi məlum deyil. Lakin 1957-ci ildə vəfat etdiyi güman edilir.
Ailəsi Atası Yusif Daqir oğlu Daqirov 1861-ci il oktyabrın 17-də anadan olub. Stavropol gimnaziyasında oxuyub, 1880-ci ildə III Aleksandr Hərbi Məktəbində xidmətə başlayıb. 1882-ci ildə məktəbi bitirdikdən sonra 78-ci Navahı piyada alayına podporuçik təyin olunub. Sonrakı illərdə müxtəlif hərbi rütbələr alıb, 1911-ci ildə polkovnik rütbəsinə yüksəlib. Müqəddəs Stanislav və Müqəddəs Anna ordenlərinin müxtəlif dərəcələri, eləcə də medallarla təltif edilib. 1913-cü il iyulun 22-də vəfat edib.
Anası Umurahil Akköbək Kadi qızı 1872-ci il martın 8-də anadan olub, 1921-ci il sentyabrın 15-də vəfat edib. Yusif bəy və Umurahilin Zahidə, Fatma, İslam-Girey, Zaur və Əsildar adlı beş övladı olub.
Qardaşı İslam-Girey Daqirov (1896–1938) hərbçi olub. 1918–1920-ci illərdə Azərbaycan Cümhuriyyəti ordusunda, sonradan Qırmızı orduda xidmət edib. 1931-ci ildə həbs olunaraq casusluqda ittiham edilib. 1938-ci ildə yenidən həbs olunub və oktyabrın 27-də güllələnib. Digər qardaşı Əsildar bəy Daqirov (1902–1944) "Azərneft"də hüquq məsləhətçisi işləyib.
Zaur bəy Moskva Operetta Teatrının artisti Vera Klimova ilə ailə həyatı qurub.
Mənbə
İstinad siyahısı
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Opera ifaçıları Kateqoriya:Qumuqlar