Avqust gələndə filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1984-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə 15 yaşlı Arifin və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır. Filmdə əsas rolları Natiq Abdullayev, Şahmar Ələkbərov, Valeri Rıjakov, Dadaş Kazımov, Şükufə Yusupova və Ayan Mirqasımova ifa edirlər.
Məzmun Film yeniyetmələr üçün nəzərdə tutulmuşdur, lakin hər bir uşaq filmi yaşlı tamaşaçıya da ünvanlanır. Burada 15 yaşlı Arifin (Natiq Abdullayev) və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 124
Arifin atası Nadir (Hamlet Xanızadə) gəmidə kapitan işləyib və günlərin birində vəzifəsini yerinə yetirərkən həlak olub. Anası (Şükufə Yusupova) həkimdir. O, iki oğlunu təkbaşına böyüdür. Arifin dayısı Cümşüd (Şahmar Ələkbərov) əczaçıdır, aptekdə işləyir və bacısının övladlarının qayğısına qalır.
Arif xilasedicilər dərnəyində məşqlərə gedir, amma sudan qorxur. Buna görə də məşqçi (Rafiq Əliyev) onu dərnəkdən qovur. Arif bununla barışa bilmir. O, hər kəsə üsyan edir, müəlliminə, anasına, onların qayğısını çəkən, evlərində sözü keçən, maddi ehtiyaclarını ödəyən dayısına. Arif qərara gəlir ki, özü pul qazansın, müstəqil olsun, atası kimi gəmidə işləsin. Anası buna etiraz eləsə də, Arif fikrindən dönmür.
Əhvalatda eyni zamanda sevgi xətti də işlənilib. Arif qonşu qız Nailəyə (Ayan Mirqasımova) vurulur. Nailə xalasının yanında dincəlir, o, bağdan gülləri yığaraq, adamların gur olduğu yerlərdə satır, amma ucuz qiymətə. Bununla da vağzalda gül satan alverçilərə maneçilik törədir. Gülsatan arvadlar Nailəni döymək istəyəndə Arif onu müdafiəyə qalxır. Bu, onların arasında sevgi münasibətinin yaranmasına gətirib çıxarır.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Asim Cəlilov Rejissor: Gülbəniz Əzimzadə Operator: Valeri Kərimov Rəssam: Rafiz İsmayılov Bəstəkar: Aqşin Əlizadə
Rollarda Natiq Abdullayev — Arif Şahmar Ələkbərov — Cümşüd Valeri Rıjakov — Jenya Dadaş Kazımov — Ağakərim Şükufə Yusupova — Firuzə Ayan Mirqasımova — Nailə Mübin Axundov — Muxtar Teymur Kərimov — Şəmsi Hamlet Xanızadə — Nadir Rafiq Əliyev — Əhməd
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1984-cü ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1984-cü ilin filmləri Kateqoriya:1984-cü ilin Azərbaycan filmləri Kateqoriya:Gülbəniz Əzimzadənin filmləri Kateqoriya:1984-cü ilin SSRİ filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri