Abbas Mirzə Şərifzadə () — Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru, kino redaktoru, Azərbaycan SSR əməkdar artisti (1929), Azərbaycan SSR xalq artisti (1936).
Həyatı Abbas Mirzə Şərifzadə 1893-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Onun atası Mirzə Rəsul dünyagörüşlü bir insan olmuşdur. Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-cədid" məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırdı.
Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, onun gəncliyi və ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlıdır. Belə ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edərək Bakıya köçür.
Abbas Mirzə Şərifzadənin böyük qardaşı Qulamrza Şərifzadə Fəriköydə məzarı olan azərbaycanlılardandır. O, bir müddət İranda, daha sonra Türkiyədə yaşayıb. Q. Şərifzadə 1884-cü ildə Şamaxıda anadan olmuşdur. O, mühacir Abbasqulu Kazımzadə ilə naşirliklə məşğul olmuşdur. Belə ki, onların çap etdiyi Üzeyir Hacıbəylinin bir kitabı da var.
"Hesab məsələləri" adlanan bu kitab 1908-ci ildə İstiqlaliyyət küçəsində yerləşən Orucov qardaşlarının mətbəəsində çap edilmişdir. Birinci Dünya müharibəsi illərində Azərbaycandan Türkiyəyə yardım göstərildiyi vaxt Şərifzadə xüsusi fəallıq göstərmişdir. O, 1942-ci ildə İstanbulda vəfat etmişdir. thumb|left|290px|Sidqi Ruhulla, Hacıağa Abbasov, Abbas Mirzə Şərifzadə və Mirzəağa Əliyev Abbas Mirzə oyun, tamaşa anlayışı ilə ilk dəfə əmisi Mirzə Məmməd Tağının sayəsində tanış olub. Teatr sənətinə meyllənən Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayırmış. Günlərin birində o, "Şəbeh" tamaşasında əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırır. Özü isə bu tamaşada Şümüru oynayırmış.
Ancaq Abbas Mirzə Şərifzadə ilk rolunun öhdəsindən gələ bilmir. Tamaşada cərəyan edən hadisələrin ən kulminasiya nöqtəsində, əlində qılınc olan Şümür əsir qızın üstünə yeriyən anda, Abbas Mirzə qışqıra-qışqıra bir kənarda toplaşıb bu səhnəyə baxan qadınların arasında olan anasının yanına qaçır. Dindarların mərasimini pozan 9 yaşlı uşağa camaat möhkəm qəzəblənir.
Abbas Mirzə 1903-cü ildə gimnaziyaya daxil olur. Məhz bu illərdə səhnə ilə maraqlanmağa başlayır. Təbii ki, bu marağın dairəsi gimnaziya şagirdlərinin hazırladığı tədbirlərdən uzağa getmirdi.
Gimnaziyanın əlaçı şagirdlərindən biri sayılan Abbas bütün tədbirlərin mərkəzində olurdu. Heç bir tədbir onsuz ötüşmürdü. Artıq Abbas rola girməkdən, çoxsaylı insanın ona diqqət kəsilməsindən xüsusi zövq aldığını hiss edirdi. Çox sonralar o illəri xatırlayan aktyor həmişə bir hadisəni yada salarmış. Bu, onu yalnız başlanğıc adlandırmaq olar. Gimnaziyaya yenicə daxil olan Abbas növbəti tədbirlərin birində müəlliminə yaxınlaşıb şeir demək istədiyini bildirir. Müəllim də özündə cəsarət tapıb səhnəyə çıxmaq istəyən Abbasın sözünü yerə salmır. Abbas şəstlə səhnəyə çıxır, bir anlıq çaşsa da, tez özünü toplayıb Mixail Lermontovun "Şairin ölümü" şeirini deyir.
«Şeiri söyləyəndə elə bilirdim dilim ağzımda şişib. Bədənim gah qızıb, gah soyuyurdu. Ancaq bütün diqqətim şeirin sözlərində, məna və məzmununda idi. Bu məni bir tərəfdən sakitləşdirir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm».
Beləliklə, atasının çinovnik, yaxud ticarət işçisi görmək istədiyi Abbas mühitin həqarətlə yanaşdığı aktyorluq sənətinin sehrinə düşür. Nə qədər ziyalı, geniş dünyagörüşlü olsa da, dövrünün adamı olan Mirzə Rəsul oğlunun bu istəyini heç cür qəbul etmir. O, tez-tez oğluna mühitin aktyorluq sənətinə münasibətini xatırladır. Abbas nə atasının, nə də mühitin etirazına məhəl qoymayaraq özü kimi həvəskarlarla birgə tamaşalar hazırlamağa başlayır.
1917-ci ildə Bakıda "Müsəlman Artistləri İttifaqı" yaradıldı. 1918-ci ilin mart ayınadək fəaliyyət göstərən bu ittifaqa Abbas Mirzə Şərifzadə rəhbərlik etmişdir.
Səhnə və kino fəaliyyəti thumbnail|Abbas Mirzə Şərifzadənin çıxışından videokadr (Cəfər Cabbarlının "Od gəlini" əsəri)
Abbas Mirzə Şərifzadə ilk dəfə 1908-ci ildə Molyerin "Zorən təbib" əsərində epizodik rolda oynayıb (o, lal qız rolunu ifa edib). Düz iki il sonra — 1910-cu ildə "Maarif" cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunub. Qısa müddət ərzində bir neçə rolda çıxış edən Abbas Mirzə 1911-ci ildə onu bir sənətkar kimi təsdiq edən ilk obrazını yaradıb. Bu, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar" faciəsinin əsas qəhrəmanı Qacar obrazı idi.
İlk uğuru Abbas Mirzədə arxayınçılıq yaratmır. Sənət axtarışlarını davam etdirən akytor bir neçə il ərzində Azərbaycanın sayılıb-seçilən səhnə ustaları sırasında özünəməxsus yer tutur.
Abbas Mirzə Şərifzadə sənətinin ecazkarlığına, qüdrətinə heyran kəsilərək, neçə-neçə teatr xadimi onun haqqında fikirlərini bölüşüblər.
Bu fikirlərin ən dəqiqi, ən dolğunu böyük dramaturqumuz Cəfər Cabbarlıya məxsusdur. "Abbas Mirzə məktəb görməmiş, sənət və onun üsullarını öyrənməmişdir. Lakin o, bir talantdır. O özü-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər doğulmuşdur. Sənət onun qanında, iliyindədir.
Zatən məktəb sənətkar yetişdirmir. O, sənətkara öz təbii istedadını genişləndirməyi, onu necə işlətməyi öyrədə bilir. Abbas Mirzədə isə həmişə ona kömək edən, onu öyrədən və doğru yola yönəldən bədii bir zövq vardır. O, bir sənətkar, yaradıcı bir talantdır". Bu istedadın sayəsində onun yaratdığı zəngin rol qalereyasında – Otello, Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur ağa, Səyavuş, Eyvaz, Dəli knyaz, Hamlet, İblis – ən üstün xüsusiyyət təbiilik və müxtəlifilik olub. Abbas roldan rola nəinki dəyişib, o, səhnədə büsbütün özünü də unudub. Heç bir zaman səhnədə özünün – Abbas Mirzə Şərifzadə ömrünün sahibi olmayıb.
250px|thumbnail|left|Şərifzadə Hamlet rolunda Abbas Mirzənin yaradıcılıq yolu yarıda qırılsa da, maraqlıdır ki, tale ona bir çox məqamda sürprizlər də bəxş edib. Onun yaradıcılığına nəzər salarkən, diqqət çəkən bir məqamın üzərində dayanmaya bilmirsən. Azərbaycan teatrı səhnəsində ilk dəfə Hamleti məhz Abbas Mirzə Şərifzadə oynayıb. Cəfər Cabbarlının tərcüməsi əsasında A. A. Tuqanovun səhnələşdirdiyi bu tamaşa 1926-cı ildə Dram Teatrı səhnəsində qoyulub. 250px|thumbnail|left|Şərifzadə "İblis" dramında İblis rolunda Və onun adı Azərbaycan teatr tarixinə yalnız aktyor kimi düşməyib. Təəssüf ki, o tamaşaların heç birinin lenti qorunub saxlanılmasa da, böyük sənətkar ilk rejissorlarımızdan biri sayılır. Belə ki, Abbas Mirzə "Şeyx Sənan", "Oqtay Eloğlu", "Aydın", "Ağa Məhəmməd Şah Qacar", "Qaçaq Kərəm" əsərlərini səhnələşdirib, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl" operalarının quruluşçu rejissoru olub.
thumb|"Hacı Qara" filmindən kadr. Rejissor Abbas Mirzə Şərifzadədir. Azərbaycan kino sənəti tarixində onun adı birincilər sırasındadır.Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812. "Bismillah"Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12., "Hacı Qara", "Gilan Qızı", "Məhəbbət Oyunu" filmlərini çəkən Abbas Mirzə ilk kino rejissorumuz olub.Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970.- səh. 52.
Repressiya və tale Bütün bunlar 1937-ci ilə qədər baş verib. Bu ildən etibarən isə Abbas Mirzə Şərifzadənin ömür yoluna nəzər salmaq üçün yalnız 6453 saylı istintaq işinə baxmaq olar.
İstintaq işindən məlum olur ki, Abbas Mirzə Şərifzadə ömrünün son günlərini yalnız yalanlara və iftiralara cavab verməklə yaşayıb. Teatr isə ömrünün o biri sahilində qalıb.
180px|thumbnail|left|Abbas Mirzə Şərifzadənin Bakıda 1937-ci ilə qədər yaşadığı ev İstintaq işi yalnız iftiraların və minlərlə insanın faciəsinə səbəb olan dövrün eybəcərliyinin göstəricisidir. Soyuq, qaranlıq zirzəmilərdə isə daha dəhşətli hadisələr baş verib. Ağlagəlməz işgəncələr, təhqirlər və sonda isə qorxu, vahimə hökm sürüb.
Abbas Mirzə 1937-ci il dekabrın 4-də öz evində həbs olunub. Onu həbs edərkən evində ciddi axtarış aparılıb. Bir teatr qılıncı, iki teatr tapançası silah kimi müsadirə edilib.
Əldə olunmuş məlumatlara görə, bir xarici dövlətin xeyrinə casusluq edib — bu sətirlər Abbas Mirzə Şərifzadənin həbs olunması barədə tərtib olunan arayışdandır. "Əldə edilmiş məlumatlar" isə ağlagəlməz işgəncələrdən sonra Ruhulla Axundovun verdiyi ifadədir.
Ruhulla Axundov ifadəsində bildirib ki, o, əks-inqilabi millətçi təşkilatına Milli Dram Teatrının direktoru Əli Kərimovu cəlb edib. Əli Kərimov isə öz növbəsində Abbas Mirzə Şərifzadəni təşkilatla tanış edib.
"Əldə edilmiş məlumatlar" gözgörəsi əsassız idi, ən azı, bu ifadələr bir-birini təkzib edirdi. Belə ki, Ruhulla Axundovdan fərqli olaraq, Əli Kərimov sözügedən təşkilatla bağlılığından danışarkən, Abbas Mirzə Şərifzadənin adını hallandırmayıb. İsrarla dönə-dönə verilən bu suala rədd cavabı verib.
Maraqlıdır ki, Abbas Mirzə Şərifzadənin istintaq işində haqqında danışılan şəxslərin heç birinin ifadəsi yoxdur. Abbas Mirzə məsuliyyətə "İran dövlətinin xeyrinə casusluq etdiyinə görə" cəlb olunubmuş.
İstintaqın gedişatı zamanı da müstəntiqlər, əsasən, bunu sübut eləməyə çalışırlar. Və onun xarici ölkə səfirliklərilə əlaqələrini araşdırarkən, məlum olur ki, Abbas Mirzə Şərifzadə 1932-ci ildə Gəncədə olarkən, iki-üç dəfə orada fəaliyyət göstərən İran konsulxanasına gedib. İran konsulxanasının rəhbəri teatrı çox sevirmiş. Demək olar ki, hər axşam onların tamaşalarına baxmağa gəlirmiş. Və oyunlarına böyük maraqla baxdığı aktyorları hərdən qonaq çağırmağı da unutmurmuş. Abbas Mirzə Şərifzadə də məhz bu münasibətlə bir neçə dəfə İran səfirliyində olubmuş. thumb|right|Məhəbbət oyunu (film, 1935) filmindən kadr. Rejissor və montaj edən Abbas Mirzə Şərifzadədir. 220px|thumbnail|right|Mərziyyə Davudova və Abbas Mirzə Şərifzadə "Maqbet" tamaşasında Çoxlu sayda ittihamlara məruz qalan Abbas Mirzə özünü yalnız ehtiyatsızlıq edərək, İran konsulxanasına ayaq basmaqda günahkar bilir.
O, ifşa olunmuş "xalq düşmənləri"lə yaxınlığına, siyasi görüşlərinə dair bütün ittahamlara isə birmənalı şəkildə "yox" deyir. "Ümumiyyətlə, mən teatrdan başqa bir şey bilmirəm" deyən sənətkar artıq "ifşa edilmiş" Hüseyn Cavidin, Mikayıl Müşfiqin əsərlərini təbliğ etməkdə günahlandırılır.
Abbas Mirzə bu ittihamları rədd edərək, bildirir ki, o, yalnız ona tapşırılan rolları oynayıb. Konsertlərdə və radio çıxışlarında mətni isə incəsənət komitəsi tərəfindən tərtib olunurmuş.
İşgəncələrə davam gətirərək, bütün ittihamlara, demək olar ki, "yox" cavabı verən, heç kim haqqında ifadəyə imza atmayan Abbas Mirzə yalnız şahid ifadələri əsasında günahkarlandırılıb. İstintaqın gedişatı zamanı onun işinə daha bir ittiham əlavə olunur: "Abbas Mirzə əks-inqilabi burjua millətçi təşkilatının üzvüdür".
Məhbusun "dindirilmə" üsulu öz nəticəsini verir. Abbas Mirzə Şərifzadə İran dövlətinə casusluq etməsinə dair bəzi ittihamlarla razılaşır. Bu ittihamları təsdiqləmək üçün onunla üzləşdirilənlərin bəzilərinin sözlərini təsdiqləyir. Və 1938-ci il oktyabrın 19-da məhkəmə öz hökmünü verir: "Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə güllələnsin, əmlakı müsadirə olunsun!". Ancaq Şərifzadə haqqında çıxarılan bu hökm, təxminən, bir ay sonra – noyabrın 16-da yerinə yetirilir.