Məhəmmədrəsul Yusub oğlu Məcidov () — 2011–2017-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edən boksçu. Məhəmmədrəsul Məcidov 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub.
Məhəmmədrəsul Məcidov üç dəfə Dünya Çempionatının qalibi olan 14 idmançıdan biridir. Məhəmmədrəsul Məcidov birinci dəfə 2011-ci ildə baş tutan turnirin final görüşündə İngiltərə nümayəndəsi Entoni Coşua üzərində qələbə qazanaraq Dünya Çempionatının qalibi oldu. Daha sonra o, 2013-cü ildə Almatı şəhərində turnirin final görüşündə Qazaxıstan təmsilçisi İvan Dıçxoya qalib gəldi və çempionatın qızıl medalına sahibi oldu. 2 il sonra Doha şəhərində baş tutan turnirdə zədə səbəbindən mübarizə apara bilməyən Məhəmmədrəsul Məcidov, 2017-ci ildə Hamburq şəhərində baş tutan turnirin həlledici görüşündə Qazaxıstan nümayəndəsi Qamşıbəy Qunqabayevdən üstün olaraq üçüncü dəfə Dünya Çempionatının qalibi oldu.
Məhəmmədrəsul Məcidov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli 2399 nömrəli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Həyatı Məhəmmədrəsul Yusuboviç Məcidov 1986-cı il sentyabrın 27-də Aquşa rayonunun Urxuçimaxi qəsəbəsində anadan olub. Milliyyətcə dargidir.
2013-cü ilin iyununda ailə həyatı qurmuşdur.
Karyerası Məhəmmədrəsul Məcidov 2011-ci ilin 14–16 iyulunda Dağıstanın Mahaçqala şəhərində baş tutan Məhəmməd-Salam Umarxanovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı. Turnirin yarımfinal mərhələsində o, Rusiya Federasiyası nümayəndəsi Arslanbəy Mahmudova məğlub oldu və turnirin bürünc medalına sahibi oldu.
2011-ci il: Dünya Çempionatında qələbə thumb|295x295px|alt=|Azərbaycan Prezidenti İlham Əliyev Məhəmmədrəsul Məcidova Dünya Çempionatının qızıl medalını təqdim edən zaman (8. oktyabr 2011) 2011-ci il sentyabrın 26-da Azərbaycanda dünya çempionatı başladı. Turnirdə mübarizə aparacaq Azərbaycan yığmasının heyətinə Məhəmmədrəsul Məcidov da cəlb edildi. Məhəmmədrəsul Məcidov turnirin təsnifat mərhələsindən azad idi. Onun 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə rəqibi Özbəkistan nümayəndəsi Sərdar Abdullayev oldu. Məhəmmədrəsul Məcidov görüşün 2-ci raundda rəqibini nojauta salaraq qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Kolumbiya təmsilçisi İsaias Mena oldu. Həmin görüşün 3-cü raundunda İsaias Mena mübarizəni davam edə bilmədi və referilər görüşü dayandırdı. Bununla da Məhəmmədrəsul Məcidov turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə o, Kuba nümayəndəsi Erislandi Savon ilə üz-üzə gəldi. Məhəmmədrəsul Məcidov görüşün 2-ci raundda rəqibini nojdauna salaraq qələbə qazandı və Dünya Çempionatının yarımfinal mərhələsinə adladı. Bununla o, həm də 2012-ci ildə baş tutaca London Olimpiadasına da vəsiqə qazandı. Finala gedən yolda Məhəmmədrəsul Məcidovun rəqibi Qazaxıstan təmsilçisi İvan Dıçxo oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmmədrəsul Məcidov rəqibi üzərində 16:9 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Onun həlledici görüşdə rəqibi İngiltərə nümayəndəsi Entoni Coşua oldu. Final görüşü gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Məhəmmədrəsul Məcidov rəqibi üzərində 22:21 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının qalibi oldu. Bununla o, 8 ildən sonra Dünya Çempionatının qalibi olan birinci Azərbaycan idmançısı oldu. Sonuncu dəfə 2003-cü ildə Ağası Məmmədov bu uğura imza atmışdı. Məhəmmədrəsul Məcidov müsahibəsində bunları bildirdi: "Mənim həyatımda belə anlar hələ olmamışdı. Bu sonsuz sevincdir. Hələ də Dünya çempionu olduğuma inanmıram. Bu Dünya Çempionatında beşinci görüşüm idi. Final ən çətin görüşüm oldu". Təltifetmə mərasimi zamanı Dünya Çempionatının qızıl medalını Məhəmmədrəsul Məcidova Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi. Dünya Çempionatından sonra Məhəmmədrəsul Məcidov AIBA tərəfindən 2011-ci ilin ən yaxşı idmançısı seçildi.
2011 Dünya Çempionatında nəticələriSıraNəticəTarixRəqibHesabMərhələ1.Qəl.02/10/2011 Sərdar AbdullayevRSC1/16 final mərhələsi2.Qəl.04/10/2011 İsaias MenaRSCI1/8 final mərhələsi3.Qəl.05/10/2011 Erislandi SavonRSCH1/4 final mərhələsi4.Qəl.07/10/2011 İvan Dıçxo16:91/2 final mərhələsi5.Qəl.08/10/2011 Entoni Coşua22:21qızıl medal qazandı
Məhəmmədrəsul Məcidov 2011-ci ilin nəticələrinə əsasən Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən və "Azerisport" idman portalı tərəfindən ilin ən yaxşı idmançısından biri seçildi. Ona həm də Azərbaycan Prezidenti — Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti İlham Əliyev tərəfindən yeni mənzilin orderi də təqdim edildi.
2012-ci il: London Olimpiadası
Məhəmmədrəsul Məcidov 2011-ci ilin mayında Belarusda baş tutan Sovet İttifaqı Qəhrəmanı V. Livensevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı. Turnirin final görüşündə o, məğlub oldu və turnirin gümüş medalına sahibi oldu.
Məhəmmədrəsul Məcidov London Olimpiadasından əvvəl Azərbaycan yığmasının heyətində Azərbaycan, ABŞ, İtaliyada baş tutan təlim-məşq toplanışlarına qatıldı.
XXX Yay Olimpiya Oyunları 25 iyul-12 avqustda Birləşmiş Krallıqın London şəhərində baş tutdu. Azərbaycan yığmasının heyətinə Elvin Məmişzadə (52 Kq.), Məhəmməd Abdulhəmidov (56 Kq.), Heybətulla Hacıəliyev (64 Kq.), Soltan Migitinov (75 Kq.), Vətən Hüseynli (81 Kq.), Teymur Məmmədov (91 Kq.) və Məhəmmədrəsul Məcidov (+91 Kq.) daxil edildi.
2011-ci ildə dünya çempionatının qalibi olan Məhəmmədrəsul Məcidov London Olimpiadasının favoritlərindən biri hesab olunurdu. Avqustun 1-də 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Məhəmmədrəsul Məcidovun rəqibi Konqo DR nümayəndəsi Meji Mvamba oldu. Görüşün birinci raundundan sonra Məhəmmədrəsul Məcidov 8:1 hesabı ilə üstün tərəf idi. Növbəti raundda isə Məcidovun qüvvətli zərbəsindən sonra Mvambanın dəbilqəsi çıxdı və referilər görüşü dayandırdı. Nəticədə Məhəmmədrəsul Məcidov rəqibi üzərində vaxtından əvvəl qələbə qazandı və 1/4 final mərhələsinə adladı. Görüşdən sonra o, müsahibəsində bunları bildirdi: "Çalışacam turnirdə bacardığım qədər irəli gedim". Avqustun 6-da turnirdə 1/4 final mərhələsinin görüşləri baş tutdu. Məhəmmədrəsul Məcidovun bu mərhələdə rəqibi — 2011-ci ilin Avropa Çempionatının qalibi olan Rusiya Federasiyası nümayəndəsi Məhəmməd Ömərov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci raundu heç-heçə başa çatdı — 4:4. Görüşün növbəti raundunda isə üstün tərəf Məhəmməd Ömərov oldu — 7:6. Üçüncü raundda zərbələrinin sayını artıran Məhəmmədrəsul Məcidov, raundda 7:3 hesabı ilə qalib gəldi. Bununla da ümumi nəticədə Məhəmmədrəsul Məcidov rəqibi üzərində 17:14 hesabı ilə qələbə qazandı və London Olimpiadasının yarımfinal mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə onun rəqibi — 2008-ci il Olimpiadasının qalibi, 2007 və 2009-cu illərin Dünya Çempionatının qalibi olan İtaliya nümayəndəsi Roberto Kammarelle oldu. London Olimpiadasının yarımfinal görüşləri avqustun 10-da baş tutdu. Yarımfinal mərhələsinin birinci cütündə Məhəmmədrəsul Məcidov (Azərbaycan) və Roberto Kammarella (İtaliya), digər cütündə isə İvan Dıçxo (Qazaxıstan) və Entoni Coşua (Birləşmiş Krallıq) üz-üzə gəlirdi. Görüşün birinci raundunda Məcidov rəqibindən üstün oldu — 6:4. Görüşün növbəti raundunda isə Kammarella zərbələrinin sayını artırdı və hesabı bərabərləşdirdi — 4:6. Görüşün üçüncü raundu isə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə referilərin mübahisəli qərarına əsasən Roberto Kammarelle görüşün qalibi elan edildi — 3:2. Avqustun 11-də ABF tərəfindən Məhəmmədrəsul Məcidov və Roberto Kammarelle görüşünün nəticəsi barədə apellyasiya verilsə də, AIBA tərəfindən rədd edildi. Bununla da Məhəmmədrəsul Məcidov XXX Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu. Yarımfinal mərhələsinin digər görüşündə Entoni Coşua, İvan Dıçxo üzərində qələbə qazandı və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Entoni Coşua, Roberto Kammarelledən üstün oldu (18+:18) və London Olimpiadasının qızıl medalına sahib oldu. Azərbaycan yığmasının baş məşqçisi Nəriman Abdullayev müsahibəsində "Məhəmmədrəsul Məcidovun ədalətsiz qərarla üzləşdiyini" bildirdi. 2003-cü il Dünya Çempionatının qalibi olan Ağası Məmmədov isə müsahibəsində "Məhəmmədrəsul Məcidovun Roberto Kamamrelledən daha üstün olduğunu" bildirdi. London Olimpiadasından sonra isə Məhəmmədrəsul Məcidov bunları bildirdi: "Hamı Olimpiadanın medalına sahib ola bilmir. Elə idmançılar var, ümumiyyətlə turniri medalsız başa vurdular. Bürünc medal qazandığım üçün şadam əlbəttə. Çalışacam bundan sonra nəticələrimi daha da yaxşılaşdırım".
Azərbaycan Prezidenti İlham Əliyevin 31 sentyabr 2012-ci il tarixli 2399 nömrəli Sərəncamına əsasən XXX Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Məhəmmədrəsul Yusuboviç Məcidov "Tərəqqi" medalı ilə təltif edildi.
2012 Olimpiya Oyunlarında nəticələriSıraNəticəTarixRəqibHesabMərhələ1.Qəl.01/08/2012 Meji MvambaRSC1/8 final mərhələsi2.Qəl.06/08/2012 Məhəmməd Ömərov17:41/4 final mərhələsi3.Məğ.10/08/2012 Roberto Kammarelle12:13bürünc medal qazandı
2013-cü il: Almatıda Dünya çempionluğu Məhəmmədrəsul Məcidov 2013-cü ilin martında baş tutan "İpək Yolu" beynəlxalq turnirində mübarizə apardı. 8 aydan sonra birinci dəfə rinqə çıxan Məhəmmədrəsul Məcidov, turnirin final görüşündə qalib gəldi və turnirin qızıl medalına sahibi oldu
2013-cü ilin əsas turnirindən biri 1–8 iyunda Belarusda baş tutan Avropa Çempionatı idi. Bu turnir Məhəmmədrəsul Məcidov üçün Olimpiadadan sonra birinci ciddi sınaq idi. Avropa Çempionatının təsnifat mərhələsindən azad olan Məhəmmədrəsul Məcidov, iyunun 5-də rinqə çıxdı. 1/4 final mərhələsi çərçivəsində baş tutan görüşdə onun rəqibi Rumıniya nümayəndəsi Mihai Nistor oldu. Həmin görüşdə təmiz qələbə qazanan Məhəmmədrəsul Məcidov, Avropa Çempionatının yarımfinal mərhələsinə adladı. Bu mərhələdə o, 2004-cü il Afina Olimpiadasının finalçısı olan Belarus təmsilçisi Victor Zuyev ilə üz-üzə gəldi. Görüşdən əvvəl Məcidov müsahibəsində bunları bildirdi: "Ev sahibi dövlətin idmançı ilə görüşlərdə referilər daim onların tərəfində olur. Çalışacam rəqibim üzərində təmiz qələbə qazanım". İyunun 7-də baş tutmalı olan görüşdə, Belarus təmsilçisi Victor Zuyev gözündə olan problemlərə görə mübarizə apara bilmədi. Bununla da Məhəmmədrəsul Məcidov Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi 2011-ci il Avropa Çempionatının qalibi olan Rusiya Federasiyası nümayəndəsi Sergey Kuzmin oldu. Həmid görüşdə rəqibindən üstün olan Məhəmmədrəsul Məcidov, 3:0 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qalibi oldu. 2 il ərzində həm Dünya Çempionatının, həm də Avropa Çempionatının qalibi olan Məhəmmədrəsul Məcidov, əsas məqsədinin 2016-cı il Olimpadasında qızıl medal qazanmaq olduğunu bildirdi.
2013 Avropa Çempionatında nəticələriSıraNəticəTarixRəqibHesabMərhələ1.Qəl.05/06/2013 Mihai NistorRSC1/4 final mərhələsi2.Qəl.07/06/2013 Victor ZuyevWO1/2 final mərhələsi3.Qəl.08/06/2013 Sergey Kuzmin3:0qızıl medal qazandı