Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və ya Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı () — Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı, Milli Şuranın xələfi. 7 dekabr 1918-ci il saat 13:00-da açılmışdır.
Tarixi
Yaradılması 1918-ci il may ayının 28-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Beləliklə, Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. İstiqlal bəyannaməsində bəyan edildiyi kimi "Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur". 1918-ci il, sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı. Milli Şuranın qərarından hələ 6 ay keçməmiş, hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda Fətəli xan Xoyskinin təşəbbüsü və müraciətinə əsasən, 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri Fətəli xan Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında parlamentlə əlaqəli qanun qəbul olundu, həmçinin parlamentdə dövlətin hüdudlarında yaşayan bütün millətlərin təmsil olunmalı olduğu qərarı qəbul olundu. Bu ərazilərdə Qafqaz təqvimində verilmiş məlumatlara əsasən 2.750.000 nəfər əhali var. Onlardan 1.900.000 nəfəri müsəlman, 500.000 nəfəri erməni, 230.000 nəfəri isə ruslar idi. Hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10 nümayəndə göndərməlidir.
Beləliklə, Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Qanunda Parlamentə seçiləcək 21 erməni nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i isə Bakı erməni komitələrindən seçilməli idi. Bakıdakı rus əhalisindən Rus Milli Şurası 10, Alman Milli Şurasından 1, Yəhudi Milli Şurasından 1, Gürcü Milli Şurasından 1 və polyak komitəsindən 1 nəfər nümayəndə göndərilməli idi. Bundan əlavə qanunda Azərbaycan Cümhuriyyəti Parlamentinə Bakı Həmkarlar Təşkilatı Şurası tərəfindən 3, Bakı Sənaye-Ticarət tərəfindən isə 2 nümayəndənin göndərilməsi də nəzərdə tutulurdu. Parlamentin üzvlərinin deputat toxunulmazlığı var idi.
Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri yenidən seçilməli idi. Yeni Parlamentin formalaşdırılması 1918-ci il dekabrın 3-də başa çatdırılmalı idi.Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. I cild, s. 32–33
Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından onun sədri Məhəmməd Əmin Rəsulzadənin imzası ilə 1918-ci il noyabrın 29-da Azərbaycan və rus dillərində "Bütün Azərbaycan əhalisinə!" Müraciətnaməsi dərc edilir. Həmin Müraciətnamədə deyilirdi:
Parlament 17 aylıq fəaliyyəti dövründə 145 iclas keçirmişdir. Bu müddətdə 270-dən artıq qanun layihəsi müzakirəyə çıxarılmış, onlardan 230-a yaxını təsdiq edilmişdir.
İlk iclas thumb|Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı (7 dekabr 1918-ci il)|250x250px1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söylədi.
Müsavat fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildi. Paris Sülh Konfransına yola düşmüş Əlimərdan bəy Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə Həsən bəy Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən Fətəli xan Xoyskiyə tapşırıldı. 1918-ci il dekabrın 26-da Fətəli xan Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və Fətəli xan Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.
Üzv problemləri Azərbaycan Parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayırmasına baxmayaraq, onlar parlamentin açılışında iştirak etmədilər. Bakı Rus Milli Şurası parlamentdə iştirak etməmək haqqında qərar qəbul edir. Onlar sübut etməyə çalışırdılar ki, Azərbaycan öz müstəqilliyini elan etməkdə "Vahid və bölünməz Rusiya" ideyasına xilaf çıxmışdı. Rus Milli Şurası özünün parlament və hökumətdə iştirakını "Azərbaycanın Rusiyadan ayrılması faktının tanınması" və beləliklə Azərbaycanın beynəlxalq aləmdə tanınması işini asanlaşdırdığını hesab edərək rədd etmişdir.Azərbaycan Respublikasının Dövlət Arxivi: Fond 895, siyahı 3, iş 7, vərəq 29. Rus Milli Şurasının qəbul etdiyi qərarın əksinə, Bakıda fəaliyyət göstərən Slavyan-rus cəmiyyəti Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadəyə müraciət edərək həmin cəmiyyətin nümayəndələrinin Azərbaycanda "ümumi dövlət quruculuğu işlərində iştirak etmək üçün onların" parlamentə daxil olmalarına razılıq verməyi xahiş etdilər.Azərbaycan qəzeti, 6 dekabr, 1918-ci il
Rus Milli Şurası ilə yanaşı Erməni Milli Şuraları da parlamentdən iştirakdan imtina etmişdi. Ermənilərin Azərbaycan Parlamentində iştirak etməmək taktikası iki aydan çox davam edir. Nəhayət onlar da fevral ayında Parlamentdə iştirak etmək haqqında qərar qəbul edirlər. Onlar 1919-cu ilin aprel ayından etibarən Azərbaycan Parlamentində iki fraksiya — Erməni fraksiyası və Daşnaksütyun fraksiyaları yaradaraq fəaliyyət göstərdilər. Parlamentdə onların sonrakı fəaliyyətləri göstərdi ki, ermənilərin Azərbaycan Parlamentində iştirak etmələrinin başlıca səbəbi Azərbaycan dövlətçiliyinin yaranmasına, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına xidmət etmək üçün deyil, özlərinin şovinist separatçı "Böyük Ermənistan" ideyalarının təbliği məsələlərinə yeni bir tribuna əldə etmək olmuşdu.
Bundan əlavə, ölkədə ali hakimiyyəti öz əlində cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan Parlamentdə 11 fraksiya və qrupun fəaliyyət göstərməsi də olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna ciddi əngəl törədirdi. Məsələn, Sosialistlər fraksiyası müntəzəm olaraq, Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail olmuş, nəhayət, Qızıl Ordunun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdır.
Son iclas və aprel işğalı 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə işğalçı 11-ci Qırmızı Ordu hissələri müharibə elan etmədən müstəqil Azərbaycan dövlətinin sərhədlərini keçdi və Bakıya hücum etdi. Bakı, eyni zamanda, dənizdən də mühasirəyə alındı. Aprelin 27-də səhər tezdən kommunistlərin silahlı dəstələri həm şəhər daxilində, həm də onun kənarlarında mühüm obyektləri ələ keçirdilər. Əslində Azərbaycan Xalq Cümhuriyyətinin devrilmiş olduğu həmin şəraitdə, işğalçıların diktəsi ilə hərəkət edən kommunistlərin nümayəndə heyəti Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi, Rusiya Kommunist (bolşevikler) Partiyası Qafqaz Diyar Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı adından Azərbaycan Parlamentinə hakimiyyəti təhvil vermək barədə ultimatum verdi. Bununla əlaqədar olaraq, hələ martın 30-da Nəsib bəy Yusifbəylinin istefasından sonra, yeni hökumətin təşkil olunması tapşırılmış Məmmədhəsən Hacınskinin başçılıq etdiyi, Məhəmməd Əmin Rəsulzadə, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski, Aslan bəy Qardaşov və Səməd ağa Ağamalıoğlunun da daxil olduğu xüsusi komissiya yaradıldı. Azərbaycan bolşevikləri ilə sıx əlaqə saxlayan Məmməd Həsən Hacınski kommunistlərlə danışıqlar apardı. Göstərilən ultimatum və komissiyanın apardığı danışıqların nəticələri Məmməd Yusif Cəfərovun sədrliyi ilə parlamentin sonuncu (145-ci) iclasında müzakirə olundu. İclas aprelin 27-də axşam saat 20:45-də başlandı ve 23:25-dək davam etdi. Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə müzakirələr zamanı parlamentin qapıları xalqın üzünə açıldı. Məhəmməd Əmin Rəsulzadə çıxışında belə demişdi:
Ultimatum barədə məlumat verən Məmmədhəsən Hacınski bildirdi ki, hakimiyyət bu gün axşam kommunistlərə təhvil verilməlidir, AK(b)P-nin Mərkəzi Komitəsi bildirir ki, əks təqdirdə hakimiyyətin Qırmızı Orduya təhvil verilməsi üçün əlindən gələni edəcəkdir. Kommunistlər həm də xəbərdarlıq edirlər ki, əgər biz bu gecə hakimiyyəti onlara təhvil verməsək, parlamentdə təmsil olunan siyasi partiyalar, o cümlədən Müsavat Partiyası qadağan olunacaqdır. Məmmədhəsən Hacınski həmçinin, məlumat verdi ki, kommunistlər bizim təkliflərimizə baxmaqdan imtina etdilər və xəbərdarlıq etdilər ki, hakimiyyətin könüllü surətdə təslim edilməyəcəyi halda bunun nəticələri üçün bütün məsuliyyət parlament üzvlərinin üzərinə düşür. Çıxışının sonunda Məmmədhəsən Hacınski parlament üzvlərini mövcud vəziyyətdə "millətin qurtuluşu naminə" yeganə düzgün qərar qəbul etməyə çağırdı. Lakin Səməd ağa Ağamalıoğlu, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski, Məhəmməd Əmin Rəsulzadə və Sultan Məcid Qənizadə Məmmədhəsən Hacınskinin hakimiyyətin kommunistlərə qeyd-şərtsiz təslim edilməsi təklifinə qarşı çıxdılar. Bununla belə, qan tökülməsinin qarşısını almaq üçün hakimiyyətin yalnız müəyyən şərtlərlə, hər şeydən əvvəl, vətənin müstəqilliyinin saxlanılması şərti ilə kommunistlərə verilməsinə tərəfdar olduqlarını bildirdilər. Nəticədə, parlament səs çoxluğu ilə aşağıdakı şərtlərlə hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul etdi: Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir; Azərbaycan Kommunist Firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir; Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlament və Hökumət üzvlərinin heyatının və əmlakının toxunulmazlığına təminat verir; Qırmızı Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək; Yeni hökumət, haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir."Kommunist" qəzeti, 1920-ci il, 6 may Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti mühasirə şəraitində keçirdiyi həmin iclasında da özünün demokratik ənənələrinə və istiqlalçılıq ideyalarına sadiq qaldı. Lakin işğalçılar Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin hakimiyyəti dinc yolla, qan tökülmədən kommunistlərə təhvil vermək haqqında qərarına məhəl qoymadılar. Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Azərbaycan yenidən Rusiya tərəfindən işğal edildi.
Fəaliyyəti Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Parlamentin təşkili haqqında qəbul edilmiş qanunda Parlamentin 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdursa da müxtəlif səbəblərdən heç vaxt Parlamentdə bu sayda deputat olmamışdır.