Vahid Əli oğlu Əliyev () — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi (2002–2017), Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini (2012–2017).
Həyatı Vahid Əli oğlu Əliyev 19 aprel 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1983–1986-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almış, daha sonra Andropov adına Leninqrad Ali Hərbi-Siyasi Akademiyasını və Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
1990–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Xüsusi təyinatlı kəşfiyyat alayında xidmət etmiş, 1991–1996-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi idarədə Əməliyyat müvəkkili, şöbə rəisi, 1996-cı ilin mart ayından noyabr ayınadək Naxçıvan Muxtar Respublikasında Xüsusi İdarənin rəisi, 1996–1997-ci illərdə Naxçıvan Muxtar Respublikası milli təhlükəsizlik nazirinin müavini, 1997–2002-ci illərdə isə Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunları Kateqoriya:Naxçıvan Muxtar Respublikasının nazirləri