Nəsib Cümşüd oğlu Göyüşov 5 sentyabr 1947-ci ildə Azərbaycanın Kəlbəcər rayonunda doğulmuş şərqşünas, filologiya elmləri doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025-ci ildən).

Həyatı 5 sentyabr 1947-ci ildə Azərbaycanın Kəlbəcər rayonunda doğulmuş, Onbirillik orta məktəbi bitirdikdən sonra 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran bölməsinə daxil olmuş, 1970-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1970-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda başlamış, müxtəlif illərdə elmi işçi, elmi katib, aparıcı elmi işçi, Mətnlərin nəşrə hazırlanması və Əlyazmaların kataloqlaşdırılması şöbələrinin müdiri vəzifələrində işləmiş, hal-hazırda isə həmin İnstitutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri vəzifəsində çalışır.Farsdilli əlyazmaların tədqiqi şöbəsi

Yaradıcılığı 1981-ci ildə iki ixtisas (Türk dilləri və İran dilləri) üzrə namizədlik dissertasiyası (Ph.d) müdafiə etmiş, 2009-cu ildə isə "Füzulinin sənət və mərifət dünyası" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru dərəcəsi almişdır. 20 kitab və 180-dən çox elmi məqalənin müəllifidir. Türkiyə, İran, Kipr, Moskva və Sankt-Peterburqda keçirilən beynəlxalq konfranslarda elml məruzələrlə çıxış etmiş, xaricdə iki kitabı və on beş məqaləsi nəşr edilmişdir. Rus, fars və Türkiyə türkcəsini mükəmməl bilir.

2010-cu ildə Routledge (London and New York) nəşriyyatı tərəfindən çap edilmiş "Sovet şərqşünaslıq araşdırmaları irsi" (The Heritage of Soviet Orientalist Studies) adlı kitabın (Müəllifləri: Michal Kemper, Stephan Conermann) Azərbaycan İslam araşdırmaları bölməsində məşhur şərqşünas akademik Vasim Məmmədəliyevlə yanaşı, N. Göyüşovun elmi fəaliyyəti haqqında məlumat verilib. Amerikanın San-Fransisko şəhərində fəaliyyət göstərən "Academia.edu" saytında isə onun 3 kitab və 27 məqaləsi PDF formatında yerləşdirilib, həmin əsərlərdən 90 ölkədən (ABŞ, Kanada, İngiltərə, Fransa, Almaniya, Rusiya, Danimarka, İsveç, İtaliya, İspaniya, Meksika, Braziliya, Türkiyə, İran, Hindistan, Pakistan, İndoneziya və s.) olan istifadəçilər faydalanmışlar və bu proses davam edir.

1974–1976 və 1984–1986-cı illərdə keçmiş Sovet İttifaqının Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə İranda tərcüməçi kimi çalışmış, Səfirliyin yüksək Fəxri Fərmanı ilə təltif edilmişdir.

8 may 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Elmi fəaliyyəti Yazılı abidələrin kataloqlaşdırılması, tədqiqi və nəşri, Orta əsrlər farsdilli və türkdilli ədəbiyyat, müsəlman Şərq xalqlarının elm və mədəniyyət tarixi, İslam estetik nəzəriyyəsi, təsəvvüf, sufi ədəbiyyatı və simvolikası, İslam mədəniyyəti, irfan və onun bədii təfəkkürlə əlaqəsi, Orta əsrlər təsəvvüf, fəlsəfə və digər humanitar sahələr üzrə klassik abidələrin fars dilindən Azərbaycan dilinə izah və şərhlərlə akademik tərcüməsi.

Monoqrafiyaları 1. Füzulinin sənət və mərifət dünyası. İran Beynəlxalq "Suruş" nəşriyyatı. 1997

2. Təsəvvüf anlamları və dərvişlik rəmzləri. Bakı: Tural-Ə, 2001

3. Qur'an və irfan işığında. Bakı: İqtisad Universiteti. 2004

4. Milli sənətin nəzəri təhlilinə giriş. Bakı: Nurlan. 2006

5. Füzuli: Düşüncə və ruhun poetikası. Bakı: Nurlan. 2011

6. Kəşkül (Məqalələr toplusu). Bakı: Elm və təhsil. 2017Azərbaycan, türk, fars, rus və ingilis dillərində

7. Khamsa: The Source of Wisdom and Civilization. The Interpretation of Nizami’s Cultural Heritage in the Contemporary Period. Berlin: Peter Lang GmbH. 2020, pp.161–186

8. The Magic of the Pen (Select Miniatures from Khamsa of Nizami Ganjavi. İnternational Nizami Ganjavi Center. V. 1–2. İstanbul. Boyut Yayım Grubu/ Öneş Media. 2021 (Nasib Goyushov co-author, other authors: Jamila Hasanzade, Ologa Vasilyeva, Olga Yastrebova)

9. İsgəndərnamə": mədəniyyətlərin dialoqu və universal bəşəri dəyərlər. Nizami Gəncəvinin "İsgəndərnamə"poemasının mədəniyyətlərarası dialoqda rolu (yunan dilində). Bakı. 2021, ss. 61–202.

10. Nizami Gəncəvi: Nur çeşməsi. Bakı: Sirius Yayın Evi.2025

Mükafatları

8 may 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən, Azərbaycan Respublikasında mədəniyyətin və elmin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü" verilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:İranşünaslar Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri