Göylər — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Göylər kəndi (Göylərdağ) həmçinin Acıdərə və Çöl Göylər kəndləri ilə birlikdə meydana gələn Göylər inzibati ərazi dairəsinin mərkəzidir.
Göylər kəndi Şamaxı rayonunda əhalisinin sayına görə ən böyük kənddir.
Tarixi Şirvan xanlığında inzibati ərazi vahidi olan Elat mahalının tərkibində 1821-ci ildə Göylər kəndi də daxil olmaqla 20 oba (Bəyi, Xalac, Ərəbəbdülkərim, Bozavand, Qovlar, Paşalı, Zəngənə, Qaraimanlı, Karrar, Bayat, Pərdili, Xınıslı, Cəyirli, Birinci Ucarlı, İkinci Ucarlı, Üçüncü Ucarlı, Mirikənd, Taliş, Şamlı, Göylər) birləşmişdi. Bu mahalın sakinləri əsasən maldarlıq, qismən isə əkinçiliklə məşğul olurdular.
Tarixi abidələri Qalacıq yaşayış yeri (III–XIII əsrlər) — Çöl Göylər kəndi və ya Dağ Göylər kəndi. Pirmərdəkan türbəsi (XII–XIII əsrlər) — Göylər Dağ kəndi. Küp qəbirləri nekropolu (Antik dövr) — Göylər Dağ kəndi. Şəhərgah (Antik dövr və ilk orta əsrlər) — Çöl Göylər kəndi. Şəhərgahın qəbiristanlığı (Antik dövrü və ilk orta əsrlər) — Çöl Göylər kəndi. Saxsılı taxta yaşayış yeri (Antik dövrü və ilk orta əsrlər) — Çöl Göylər kəndi. Pirəbağdad nekropolu (Antik dövr) — Çöl Göylər kəndi. Göylər məscidi (XII–XIII əsrlər) — Göylər Dağ kəndi.
Dini və ictimai keçmişi Göylər kəndinin dini-etnoqrafik və mənəvi tarixi kənd ərazisində aparılan arxeoloji tədqiqatlar və etnoqrafik araşdırmalar əsasında üç əsas xronoloji mərhələ üzrə öyrənilir.
İslamdan əvvəlki dövr və erkən orta əsrlər Kənd ərazisindəki Kərimli təpəliyində yerləşən qədim qəbiristanlıqdakı uzunsov formalı, yerə batmış qəbirlərin tədqiqatçılar tərəfindən qədim türk etnoslarına aid olduğu ehtimal edilir. Çöl Göylər ərazisində, Pirə-Bağdad qəbiristanlığının yaxınlığında mövcud olmuş, lakin hazırda yeri dəqiq bilinməyən "Sarı pir" ziyarətgahının İslamdan əvvəlki dövrə — Tenqriçilik inanc sisteminə aid olduğu ehtimal olunur.
Erkən orta əsrlər və Qafqaz Albaniyası dövrünü xarakterizə edən iki əsas toponimik faktor Çöl Göylər ərazisindəki "Qalacıq yeri" və Dağ Göylər ərazisindəki "Arnout" dağıdır. Arxeoloq, professor Aləm Nuriyevin araşdırmalarına əsasən, "Qalacıq yeri" yaşayış məskənində III–VIII əsrlərdə şəhər tipli yaşayış mövcud olmuşdur. Ərazidə xristianlıq dövrünə aid maddi sübutlar aşkar edilmədiyi üçün, alban tayfalarının bir qisminin zərdüştilik dininə etiqad etdiyi və strateji hündürlüyə malik "Arnout" zirvəsindən hərbi-müdafiə məqsədilə od elementindən (tonqallardan) istifadə etdiyi irəli sürülür.
İslam dövrü və orta əsrlər Tədqiqatlar İslam dininin bu əraziyə VIII əsrdə gəldiyini göstərir. Göylər kəndinin 16 kilometrliyində yerləşən Şamaxı Cümə məscidinin inşa tarixi (743-cü il), Qalacıq yaşayış məskəninin məhv olmasının VIII əsrə təsadüf etməsi və Pirə-Bağdad ərazisində ərəblərlə yerli sakinlər arasında baş vermiş döyüş haqqında yerli rəvayətlər bu fikri əsaslandırır.
Ərazi Şirvanşahlar dövlətinin tərkibinə daxil olsa da, dövrün yazılı mənbələrində Göylər kəndinin adına birbaşa rast gəlinmir. Bu, mənbələrin məhdudluğu və əhalinin qismən yarımköçəri həyat tərzi keçirməsi ilə izah olunur.
Ərazidəki ən mühüm dini-tarixi abidələr aşağıdakılardır:
Pir Mərdəkan xanəgahı: Arxeoloqlar A. Nuriyev, H. Ciddi və epiqrafist mütəxəssis M. Nemətova tərəfindən tədqiq edilmişdir. Türbə üzərindəki kitabəyə əsasən, abidə 1188–1203-cü illər aralığında Şirvanşah Fərruxzad ibn Mənuçöhr tərəfindən inşa etdirilmişdir. M. Nemətova kitabələrə əsasən türbədə Cənubi Azərbaycanın Mədək şəhərindən olan Tair Tac əl-Hüda Mədəkaninin dəfn olunduğunu qeyd etsə də, yerli rəvayətlərdə burada Şirvanşah nəslinin nümayəndələrinin və ya yerli ruhanilərin dəfn olunduğu iddia edilir. F. A. Deminskinin "Şamaxı qəzası Qəbirstan nahiyəsi haqqında məlumatlar" kitabında xanəgahın adı çəkilir və kənd əhalisinin XI–XII əsrlərdə Bağdad ətrafından gələrək burada məskunlaşdığı qeyd olunur. Orta əsrlərdə xanəgah həm də paytaxt Şamaxi şəhərinə daxil olmaq üçün icazə verilən mühüm regional keçid məntəqəsi, karvansara, məscid və çeşmələri olan kompleks kimi fəaliyyət göstərmişdir.
Pirə-Bağdad türbəsi: Çöl Göylər ərazisində yerləşən bu abidə VIII əsrə aid edilir. Üstünlük təşkil edən elmi fikrə görə, bura İslamı yaymağa gələn elçinin deyil, VIII əsrdə yerli əhali ilə döyüşdə həlak olan bir ərəb sərkərdəsinin qəbridir.
Yazılı mənbələrdə adı keçən ilk Göylər sakini 1708-ci ilə aid sənəddə qeyd olunmuş Cəbrayıl İbrahim oğludur. Tədqiqatçı Kamran Abdullayevin üzə çıxardığı sənədə görə, o, Şamaxı Cümə məscidinə aid "Namaz təlimi" kitabının katibi (xəttatı) olmuşdur.
XIX–XX əsrlər və çar Rusiyası dövrü Azərbaycanın çar Rusiyası tərkibinə qatılmasından sonra, 1820-ci illərdən etibarən kameral siyahıyaalmalarda Göylər kəndi barədə rəsmi statistik məlumatlar qeydə alınmışdır. Çar üsul-idarəsi dövründə məscidlərə mollalar dövlət tərəfindən təyin edilir və onlara maaş verilirdi. Mollalar kənddə həm dini ayinləri icra edir, həm də mülki qeydiyyat, kəbin, miras bölgüsü və kənd icmasının sənədləşmə işlərini həyata keçirirdilər. 1872-ci il islahatlarından sonra mollalar birbaşa kənd icması tərəfindən seçilməyə və Tiflisdə yerləşən Zaqafqaziya Sünni Ruhani İdarəsi tərəfindən təsdiqlənməyə başladı.
Sənədlər və yerli yaddaş əsasında kəndin baş mollalarının xronologiyası müəyyən edilmişdir:
Məscid tikintisi və dini təhsil Pir Mərdəkan xanəgahındakı köhnə məscidin kiçik olması və 1902-ci il Şamaxı zəlzələsinin fəsadları səbəbindən, 1902-ci ildə kənd ağsaqqalı Hacı Nuh Hacı İbrahim oğlunun rəhbərliyi və yerli əhalinin vəsaiti hesabına Göylərdə yeni, daha böyük kənd məscidi inşa edilmişdir.
Kənd məscidinin nəzdində fəaliyyət göstərən mollaxanada ilkin şəriət təhsili alan uşaqlar sonradan təhsillərini Şamaxı Cümə məscidinin mədrəsələrində davam etdirirdilər. Sovet dövründə dini təhsil qadağan edilsə də, kənddə ərəb və fars dillərini bilən xəttat və dindarların formalaşdırdığı, yerli dildə "Yeddilik" adlandırılan dindar qruplar fəaliyyət göstərmiş, Quranın xətm edilməsi ayinlərini qorumuşdular.
XIX əsrin ikinci yarısında iqtisadi vəziyyətin yaxşılaşması ilə kənd sakinləri Həcc ziyarətinə getməyə başlamışlar. Araşdırmalara görə, 1920-ci ilə qədər kənddən 22 nəfər Həcc ziyarətində olmuşdur (onlardan Hacı Hasan Səfər oğlu və Hacı Qasım Qurban oğlu ziyarət zamanı vəfat etmişlər). 1920-ci ildə sovet hakimiyyətinin qurulması və sərhədlərin bağlanması ilə bu ziyarətlər dayandırılmışdır.
Şeyx Əyyub təriqəti XIX–XX əsrlərdə Şirvan regionunda geniş yayılan və Şeyx Əyyub Bayram oğlu (1730–1796) tərəfindən əsası qoyulan sufi təriqəti Göylər kəndində də güclü nüfuza malik olmuşdur. Zikr və mürşüd-mürid prinsipinə əsaslanan bu təriqətin bəzi şeyxləri və müridləri Göylər kəndində məskunlaşmışdılar. Təriqətin ilk tanınmış göylərli müridləri və şeyx tərəfindən seçilən xəlifələri arasında Hacı Ibrahim Əlimərdan oğlu, Yaqub Bədəl oğlu və Pirimverdi Halim oğlunun (Sofu Əhməd) adları çəkilir.
Coğrafiyası və iqlimi
Əhalisi Göylər kəndinin də daxil olduğu Elat mahalında 1821-ci ildə 1016 ailə yaşayırdı. 2009-cu il 1 Yanvar tarixli məlumatlara əsasən Göylər kəndinin əhalisi 7200 nəfər idi.
Şamaxı soyqırımı Şamaxıda Lalayan, Samson Aspirov və T. Əmirovun quldur dəstələri 1918-ci il Aprelin 3-dən 16-a kimi Şamaxı əhalisinə qanlı divan tutmuşdular. Şamaxı qəzasında yerli erməni–rus–molokan kəndlilərinin köməyi ilə daşnaqlar 8000-dən artıq dinc azərbaycanlı əhali öldürmüşlər. 72 kəndi dağıtmış, 12 məhəllə məscidi və 800 illik tarixə sahib Şamaxı cümə məscidi içərisindəki insanlarla birlikdə yandırmışlar. Öldürülənlərin 1600 nəfərindən çoxu qadın, 965 nəfəri isə uşaq olmuşdu. Dağıdılan 72 kənddən biri də Göylər idi. Mənbələrdən belə aydın olur ki, erməni quldurları Göylərdə 55 nəfəri qətlə yetirmişdir. Onlar arasında kişilərlə birlikdə qadın və uşaqlar da var. Ermənilərin törədikləri vəhşiliklər indinin özündə də yaddaşlardan silinməyib.
Şəhid və itkinləri
Birinci Qarabağ müharibəsi Əlsuvar Əliheydər oğlu Məmmədov — Göylər Dağ kəndi. Baba Balakişi oğlu Mikayılov. Mirhəli Cümalı oğlu Nuhov. Veyis Rövşən oğlu Məhyəddinov. Sərdar Səfərov Ələddin oğlu. Bayramov Kamil Canbaba oğlu.
Aprel döyüşləri Elşən Səlim oğlu Səmədov.
İkinci Qarabağ müharibəsi Rza Canbaba oğlu Məmmədov. Şəhadət Qalib oğlu Usubov. Tərlan Dərgah oğlu Atakişiyev. Müşfiq Bayram oğlu Məcidov. Elgün Vasif oğlu Quliyev. Şahmurad Natiq oğlu İsgəndərov.
Elm və Təhsili Göylər kəndi Azərbaycan elminə və təhsilinə bir çox insanlar bəxş etmişdir ki, onlardan da Nurqələm Mikayılovu, Aləm Nuriyevi, Elxan Nuriyevi qeyd etmək olar. Göylər kəndində (Dağ Göylər) iki orta məktəb fəaliyyət göstərir. Bunlar Əlsuvar Məmmədov adına 1 saylı orta məktəb və Tehran Kərimov adına 2 saylı orta məktəblərdir.
Mədəniyyəti
Göylər kəndində 1949-cu ildə tikilib istifadəyə verilmiş bina 1965-ci ildən etibarən Göylər kənd Folklor Evi olaraq fəaliyyət göstərir.
2015-ci il fevralın 16-dan mayın 29-na kimi keçirilən 5-ci Muğam Televiziya Müsabiqəsinin qalibi Göylər kəndindən olan Nisbət Sədrayeva seçilmişdir.
Səhiyyə sistemi Göylər kəndində 15 çarpaylıq Göylər kənd xəstəxanası fəaliyyət göstərir.
Azərbaycan alimi, neyrocərrah, əməkdar həkim, tibb elmlər doktoru, professor Sabir Etibarlı da Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur.
İqtisadiyyatı Göylər kəndinin əhalisi başlıca olaraq əkinçilik, qismən bağçılıq və heyvandarlıq üzrə ixtisaslaşmışdır. Əkinçilikdə aparıcı yeri taxılçılıq tutur. Digər əkinçilik sahələri yerli istehlak xarakteri daşıyır. Əhalisinin yerli təlabatının ödənilməsi üçün həyətyanı sahələrdə bostan–tərəvəz məhsulları, meyvə yetişdirilir və arı saxlanılır. Heyvandarlığın başlıca sahəsi maldarlıq və qoyunçuluqdur.
Göylər kəndi qədim məskunlaşmış ərazi olsa da, sənaye cəhətdən nisbətən zəif inkişaf etmişdir. Azərbaycan Sovet İttifaqının tərkibində olan zaman kəndin sənayesinin əsasını yerli kənd təsərrüfatı məhsullarını emal edən yeyinti və yüngül sənaye sahələri təşkil edirdi. Kəndin yüngül sənayesi əsasən şərabçılıq, meyvəçilik, tikiş və xalçalıq sahələri ilə təmsil olunurdu. Yeyinti sənayesində əsas yeri üzüm məhsulunun emalı — şərabçılıq tuturdu. SSRİ-nin "alkoqolizmə qarşı mübarizə kampaniyası" çərçivəsində Azərbaycanda bir sıra bölgələrdə o cümlədən Göylər kəndində üzümçülük təsərrüfatı ləğv edildi. Üzüm sahələri saxlanılmaqla süfrə üzüm sortları əkmək planları isə SSRİ dağıldıqdan sonra torpaq sahələrinin kəndlilərə paylanılması nəticəsində reallaşmadı. Hal–hazırda kəndlilərə məxsus torpaqlarda taxıl əkilir və demək olar ki, bütün həyətyanı sahələrdə üzüm çardaqları var. Kəndin torpaq ehtiyatları və ərazisinin orta dağlıqda yerləşməsi burada bir çox təsərrüfat sahələrinin inkişafı üçün, o cümlədən dəmyə əkinçiliyi üçün şərait yaradır.
Kəndin iqtisadiyyatında tikinti materialları, əsasən mişar daşı istehsalı üçün xammal bazası (Mədan dağı) var.
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Youtube-da bax: Şamaxı abidələri (film, 09.09.2007) Göylər kəndində 1918-ci il Mart soyqırımının nəticələri Göylər kəndinin mənşəyi, etimologiyası və el yozumu
Kateqoriya:Şamaxı rayonunun kəndləri